"Kremlin məqsədi rayonların qaytarılması deyil, istəyi aprel savaşının təkrarlanmamasıdır" Politoloq


Siyasət 17 Noy 2017 16:28:00 343 0

"Kremlin məqsədi rayonların qaytarılması deyil, istəyi aprel savaşının təkrarlanmamasıdır"  Politoloq

"Putin münaqişənin həlliylə bağlı ümidli deyilsə, hazırki intensivlik nə ilə bağlıdır, naziri Sergey Lavrovu nədən Bakıya və İrəvana göndərir? 

Fikrimcə, bu səfərlər, danışıqların intensivliyi görüntüsü münaqişənin həllinin sürətləndirilməsiylə bağlı deyil".

Son.az mia.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ərdoğanın Qarabağ danışıqları ilə bağlı son açıqlamasını şərh edərkən yazıb.  

Onun sözlərinə görə, Kremlin yeganə istəyi bölgədə müharibənin olmaması, aprel savaşının təkrarlanmamasının təminatını almaq və status-kvonun qorunmasıdır: "Bu da işğalçı dövlətin maraqlarına cavab verir".

Politoloqun fikrincə, Ərdoğanın "Putin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli deyil" cümləsindən iki vacib nəticə çıxır: "Birincisi, Kremlin İrəvana təsir edib qeyd-şərtsiz işğal altındakı 5 rayonun azad olunmasında marağı yoxdur, bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var ki, onları yerinə yetirə bilmərik. 

İkincisi, Kremlin danışıqlarda hazırki fəallığı münaqişənin həllinə yönəlməyib".

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərdən dönərkən, rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə edildiyini bildirib: "Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu, tərəflər arasındakı münasibətlərlə əlaqədardır".

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub.

Noyabrın 22-də isə Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılıb. 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində