Azərbaycanda kinoya və konsertə gedənlərin sayı çoxalıb


Digərləri 17 Noy 2017 16:07:00 340 0

Azərbaycanda kinoya və konsertə gedənlərin sayı çoxalıb

Azərbaycanda kinoteatrların sayının azalmasına baxmayaraq, kinoseanslara gedən tamaşaçıların sayı çoxalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2005-ci ildə kinoteatrlara 115,4 min nəfər gəlsə də, 2016-cı ildə onların sayı 469,6 min nəfər yüksəlib. Onların əksəriyyəti özəl kinoteatrları seçiblər. Ötən il 340,2 min nəfər özəl kinoteatrlarda kinoya baxıb.

Ötən müddətdə hər 1000 nəfər əhali arasında kinoseanslara gələn tamaşaçıların sayı da yüksəlib. 2005-ci ildə hər 1000 nəfər əhali arasında kinoseanslara gələnlərin sayı 14, 2016-cı ildə 49 olub.

Ümumilikdə 2005-ci ildə Azərbaycanda 21 kinoteatr olsa da, 2016-cı ildə onların sayı 11-ə enib. Əsas azalma dövlət kinoteartlarının ləğvi hesabına baş verib. 2005-ci ildə 20 dövlət, 1 qeyri-dövlət kinoteatrı olsa da, ötən il dövlət kinoteatrlarının sayı 5-ə enib, özəl kinoteatrlarının sayı isə 6-a yüksəlib.