Saatlıda Milli Dirçəliş Günü ilə bağlı mühazirə (FOTO)


Digərləri 17 Noy 2017 15:44:00 266 0

Saatlıda Milli Dirçəliş Günü ilə bağlı mühazirə (FOTO)

Bilik Fondunun mühazirəçisi Milli Dirçəliş Günü ilə bağlı "Azərbaycan xalqının inkişaf yolu" mövzusunda mühazirə ilə çıxış edib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçisi, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov Saatlı şəhər Tibb Kollecində Milli Dirçəliş Günü ilə bağlı "Azərbaycan xalqının inkişaf yolu" mövzusunda mühazirə ilə çıxış edib. Fonddan Trend-ə verilən məlumata görə, mühazirədə Bilik Fondunun Saatlı rayonu üzrə nümayəndəsi, məktəb direktoru Təranə Babayeva, Tibb Kollecinin direktoru Kamal Mürsəlov, direktor müavini Sevinc Məmmədova və tələbələr iştirak ediblər. M.Əhmədov tədbir iştirakçılarının Milli Dirçəliş Günü münasibətilə təbrik edib, bu günün mahiyyəti və Azərbaycanın inkişaf yolundan geniş söz açıb. O, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dolayısı ilə dəstək verməsi, Bakıda tələbə hərəkatı fəallarının etiraz aksiyalarının ümummilli mitinqlərlə nəticələnməsi, SSRİ daxili qoşunları tərəfindən bu mitinqlərin dağıdılmasına baxmayaraq, Kremlin Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməməsi barədə danışıb, 1988-ci ilin noyabrın 17-dən başlayan meydan hərəkatının bugünkü azad Azərbaycanın milli dirçəlişinin təməlini qoyduğunu qeyd edib. Lakin o dövrdə bir-birinin ardınca hakimiyətə gələn ölkə rəhbərlərinin siyasi səriştəsizliyi və iradəsizliyi Azərbaycanda vətəndaş müharibəsinin alovlanmasına gətirib çıxardığını deyən mühazirəçi, xalqın bu çətin günündə dünya siyasət arenasında xüsusi yeri olan Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi çəkişmələrə və digər təhlükələrə son qoyulduğunu vurğulayıb. Sonda tələbələrə bir sıra tövsiyələr verən mühazirəçi, onlara yaxşı təhsil almalarının, yad təsirlər altına düşməmələrinin, yüksək ixtisaslı kadr kimi yetişmələrinin vacibliyini vurğulayıb, tələbələrin çoxsaylı suallarını cavablandırıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin