Xarici sularda üzən gəmilərimizin fəaliyyət coğrafiyası genişlənir


Digərləri 17 Noy 2017 15:10:56 281 0

Xarici sularda üzən gəmilərimizin fəaliyyət coğrafiyası genişlənir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xarici sularda üzən gəmilərinin fəaliyyət coğrafiyası genişlənir.

Bakı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xarici sularda üzən gəmilərinin fəaliyyət coğrafiyası genişlənir. QSC-dən Trend-ə verilən məlumata görə, “Qafur Məmmədov” quru yük gəmisinin xarici sularda istismarına başlanılıb. Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 12-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, biri isə tankerdir. “Qafur Məmmədov” gəmisi bu gün səhər saatlarında yükləmə əməliyyatı üçün Rusiya Federasiyasının Taqanroq limanına yan alıb. Buradan isə yüklə Türkiyənin İzmir limanına səfərə çıxacaq. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək quru yük gəmisinin istismarına nəzarəti, eyni zamanda texniki xidməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədəki “Caspdry” şirkəti həyata keçirəcək. Dedveyti 5500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu 4,79 metr olan “Qafur Məmmədov” gəmisi Gəmiçiliyin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. “Qafur Məmmədov” gəmisinin xarici sularda istismarı isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda üzən gəmilərin sayınının, onların üzmə coğrafiyasının artırılmasında marağından xəbər verir. Xatırladaq ki, Gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib. Bu isə sözsüz ki, ölkəmizə xarici valyutanın gətirilməsində, eyni zamanda gəmiçiliyin inkişafında mühüm əhəmiyyət kəsb edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin