Azərbaycan daha bir yük gəmisinin xarici sularda istismarına başlayıb


İqtisadiyyat 17 Noy 2017 14:55:19 319 0

Azərbaycan daha bir yük gəmisinin xarici sularda istismarına başlayıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzərdən kənarda üzən gəmilərinin ümumi sayı 12-ə çatdırılıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC “Qafur Məmmədov” quru yük gəmisinin xarici sularda istismarına başlayıb. Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin ümumi sayı 12-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, biri isə tankerdir.

AXDG-dən "Report"a bildirilib ki, “Qafur Məmmədov” gəmisi bu gün səhər saatlarında yükləmə əməliyyatı üçün Rusiya Federasiyasının Taqanroq limanına yan alıb və buradan yüklə Türkiyənin İzmir limanına səfərə çıxacaq. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək quru yük gəmisinin istismarına nəzarəti, eyni zamanda texniki xidməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədəki “Caspdry” şirkəti həyata keçirəcək.

"Dedveyti 5500 ton, uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,79 metr olan “Qafur Məmmədov” gəmisi Gəmiçiliyin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib.