Deputat: “Vaxtilə azərbaycanlı əsirlərin daxili orqanlarının alveri ilə məşğul olan təşkilat Azərbaycana təzyiq göstərmək istəyir”


Digərləri 17 Noy 2017 12:30:50 147 0

Deputat: “Vaxtilə azərbaycanlı əsirlərin daxili orqanlarının alveri ilə məşğul olan təşkilat Azərbaycana təzyiq göstərmək istəyir”

Azay Quliyev: “Bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasını istəməyənlərdir”

“Avropa strukturları Azərbaycana qarşı qərəzli hücuma keçiblər. Azərbaycana qarşı münasibətlərdə ikili standartlar açıq-aşkar görünür”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli mövqe tutur: “Erməni lobbisinin təsiri ilə Azərbaycana təzyiq etməyə çalışırlar. Azərbaycanda cinayət törətdiklərinə görə həbs olunan şəxsləri “siyasi məhbus” adlandırırlar. Təklif edirəm ki, AŞPA-ya etiraz məktubu göndərilsin”.Deputat Azay Quliyev də çıxışında beynəlxalq təşkilatların qərəzli olmasından danışıb. O deyib ki, vaxtilə azərbaycanlı əsirlərin daxili orqanlarının alveri ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana təzyiq göstərməyə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirməyə çalışırlar: “Hər dəfə Azərbaycanla Avropa İttifaqı arasında mühüm məsələlər müzakirə olunan zaman bu cür şəbəkə fəallıq göstərir. Həmin qeyri hökumət təşkilatlarının siyahısına baxsaq görərik ki, bu təşkilatlar qərəzlidir və onlar bəlli qüvvələr tərəfindən yönləndirilirlər. Onlar kimlərdir? Bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasını istəməyənlərdir. Bu təşkilatlar arasında PİN adlı biri var. Hansı ki, bu təşkilat Dağlıq Qarabağ müharibəsinin qızğın vaxtında azərbaycanlı əsirlərin daxili orqanlarının ticarəti ilə məşğul idi. İndi bu təşkilat Azərbaycana təzyiq göstərilməsini tələb edirlər.Bu təşkilatların sırasında Sorosun da dəstəklədikləri var. O Soros ki, biz onu 7-8 il öncə onun qeyri-konstruktiv fəaliyyətinə görə Azərbaycandan çıxarmışıq. İki ay öncə Avstriya eyni addımı atdı. Həmin addımı bir neçə il öncə Macarıstan da atıb. Ancaq onlara heç bir təzyiq edilmədi. Amma, Azərbaycan bu addımı atanda həmin Azərbaycan-Ai münasibətlərinə xələl gətirmək istəyən qüvvələr bizə irad bildirirdilər. Belə bir həssas məqamda Azərbaycan qarşı aparılan bu kampaniya davam etdirilir. Ancaq, bütün bunlara baxmayaraq Azərbaycan-Aİ arasında münasibətlər inkişaf edəcək və biz qarşımızda duran hədəflərə çatacağıq”.