Kataloniya böhranı Barselona otellərinin gəlirlərini azaldıb


Dünya 17 Noy 2017 08:47:00 290 0

Kataloniya böhranı Barselona otellərinin gəlirlərini azaldıb

Kataloniyada vəziyyət nəinki cəmiyyəti ikiyə bölüb, həm də muxtariyyətdə biznesin gəlirlərinə birbaşa təsir edib. Müvafiq nəticəni Barselona otelləri gildiyasının təqdim etdiyi məlumatlarda da görmək olar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "La Vanguardia" qəzetinin məlumatına əsasən, oktyabr ayında, yəni böhranın ən dərin vaxtlarında Kataloniya paytaxtının mehmanxanalarının bir nömrə üçün gəlirlərində orta hesabla 13 faizlik geriləmə müşahidə olunub.

Gildiya sədri Jordi Kolos təəssüflə qeyd edib ki, vəziyyət "pisdən daha ağır hala" çevrilib. Belə ki, yay aylarında Barselonanın beynəlxalq aeroportunda təhlükəsizlik xidməti əməkdaşlarının tətili, Kataloniyaya turist axınına qarşı etiraz aksiyaları keçirilib, avqustun ortalarında isə regionun paytaxtında terror aktı törədilib. Bütün bunların investisiyalara əngəl törətdiyini deyən Klos noyabr və dekabr aylarında da vəziyyətin düzələcəyinə inanmadığını bildirib.