Qəbir ziyarəti


Digərləri 16 Noy 2017 23:15:00 452 0

Qəbir ziyarəti

Tövbə surəsinin 84-cü ayəsində Allah-Təala öz Peyğəmbərinə (s) əmr edir ki, münafiqlərdən kimsə öləndə onun cənazə namazını qılmasın və qəbrini ziyarət etməsin. Bu qadağanın münafiqlərlə məhdudlaşması onu göstərir ki, münafiq olmayan şəxslərin məzarını ziyarət etmək Quran baxımından icazəlidir.

Son.az islam.az-a istinadən bildirir ki, Peyğəmbərimiz (s) möminlərin qəbrini ziyarət edər, onların günahlarının bağışlanması üçün Allaha yalvarardı. Hətta ömrünün son günlərinə kimi o həzrət bu davranışı tərk etmədi, vəfatından bir neçə gün qabaq yaxın səhabələrin köməyi ilə Bəqi məzarlığına getdi və orada dualar etdi.

Peyğəmbərimiz dəfələrlə müsəlmanları qəbir ziyarətinə təşviq edərək buyurmuşdur: "Qəbirləri ziyarət edin; bu, sizə axirəti xatırladar".

İslam dininə görə, dünyaya çox bağlanmaq bəyənilmir. Mömin şəxs ardıcıl olaraq axirət barədə düşünməlidir. Əlbəttə, tərki-dünya olmaq da dinimizdə xoş qarşılanmır. Amma müsəlman heç zaman unutmamalıdır ki, bu dünya axirət həyatı üçün bir vasitədir. Məşhur hədisdə buyurulduğu kimi "dünya axirətin tarlasıdır". Axirət düşüncəsi ilə yaşamağın ən gözəl yolu ölümü ardıcıl xatırlamaqdır. Ölümü xatırlamağın ən gözəl üsulu isə mütəmadi olaraq qəbir ziyarətinə getməkdir.

Hədislərdə qəbir ziyarətinin bir neçə faydası göstərilir. Məsələn, qəbir ziyarətinə getmək axirəti insanın yadına salar. Qəbirləri mütəmadi ziyarət edən şəxs dünya həyatının ötəri və müvəqqəti olmasından ibrət alar. Peyğəmbərimiz (s) buyurmuşdur ki, kim hər həftənin cümə günü valideyninin məzarını ziyarət etsə, həm günahları bağışlanar, həm də Allahın hüzurunda yaxşı övlad sayılar (Bihar əl-ənvar, cild 86, səh. 359).

Alimlərimiz öz kitablarında, o cümlədən, tövsiyə və vəsiyyətlərində qəbir ziyarətinə getməyi dəfələrlə təkid etmişlər. Onlar özləri də qəbir ziyarətini adət halına salmışdılar.