Rozə məclisləri: hər şey olduğu kimi qalsın?


Digərləri 16 Noy 2017 22:10:00 242 0

Rozə məclisləri: hər şey olduğu kimi qalsın?

Sabah Ərbəindir. Növbəti Məhərrəmlik, matəm mövsümü sona çatmaqdadır. Bu il də müsəlmanlar əsirlərin ənənəsinə sadiq qalaraq Aşura gününü qeyd etdilər. Azərbaycan da bu ümmətin ayrılmaz parçası, Əhli-beyt aşiqlərinin yurdu olaraq Kərbəla hadisələrini yad etdi, hərə öz daxili tutumuna görə Peyğəmbər (s) ailəsinin müsibətinə yas saxladı. Bu il Aşura mərasimləri hətta o qədər izdihamlı oldu ki, bəzi ünsürlər artıq milli mentallığımızın və milli kimliyimizin bir hissəsinə çevrilmiş bu məclislərə mütəşəkkil surətdə Səlib yürüşü keçirməyi özlərinə borc bildilər. Amma Əhli-beyt məktəbinin bu torpaqlarda ta Qiyamətə qədər mövcud olacağını yalnız axmaq anlamaya bilər ki, bunun da geridə buraxdığımız günlərdə bariz nümunələrinə şahidlik etdik. Ərbəin ərəfəsində gerik boylanaraq bir düşündürücü, bəlkə də narahat edən məqama toxunmaq istərdik...

Son.az islam.az-a istinadən bildirir ki, Allaha şükürlər olsun ki, müasir Azərbaycanda bir çox dəyərli ilahiyyatçılarımız var. Amma onların sırasında daha çox dinlənilən, daha böyük auditoriyaya çıxışı olanlar Hacı Şahin Həsənli və Hacı Ramil Bədəlovdur. Məhz bu iki dəyərli şəxsin fəaliyyət göstərdiyi "Məşədi Dadaş" və "Fatimeyi Zəhra" məscidləri həm Cümə namazlarında, həm də İslamın əlamətdar günlərində böyük izdihama meydan olur. Bu Məhərrəmlik də istisna deyildi (Ərbəin məclisləri də istisna olmayacaq). Yenə minlərlə insan vəd edilən saatda Allahın evinə, bu dəyərli ustadların  nurunun ətrafına toplaşırdı. Və qeyd etdiyimiz hər 2 məsciddə Məhərrəm ayının ilk 10 günündə təşkil edilən məclislərdə bir diqqət çəkən hadisə baş verdi. Əvvəlcə Hacı Şahin minbərdən camaata müraciət etdi və onun söhbəti bitincə rozə və mərsiyələri dinləmədən məscidi tərk edənləri tənbeh etdi, məhz rozə məclislərinin nə dərəcədə əhəmiyyərli olduğunu diqqətə çatdırdı. İnsafən, artıq növbəti günlərdə toplaşan müsəlmanlar Hacı Şahinin çağırışını yerə salmadılar.

Tasua günündə isə məzmun etibarı ilə eyni hadisə Günəşlidəki məsciddə baş verdi. Hacı Ramil söhbətini bitirərək yerini rozəxana verdi. Amma bir neçə dəqiqədən sonra onun sözünü kəsərək toplaşanlara müraciət etdi, rozəni sona qədər dinləmələrini, məclisi tərk etməmələrini rica etdi.

Əvvəlcədən qeyd edək ki, Aşura həqiqətlərinin, Kərbəla məktəbinin günümüzə qədər gəlib çıxmasında, bu məktəbin həmişəyaşar olmasında rozə və mərsiyələrin müstəsna xidmətləri var. Bu, danılmaz faktdır və İslam tarixində gəlib getmiş bir çox dəyərli alimlərimiz və övliyalarımız bunu təsdiqləmişlər. Bunu aksiom kimi qəbul edərək, yenə də "nə üçün axı camaat rozə və mərsiyəni dinləmədən məclisləri tərk edirlər?" sualı ətrfaında düşünək və qısaca fikir söyləyək.

Görünən odur ki, artıq Azərbaycan dindarı mahiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Əlbəttə, baltalamaq asandır: "Onların imanı naqisdir", "onlar imamın eşqinin ləzzətini dadmayıblar", "ingilis şiəsi" və daha nələr, nələr, nələr... Bu, çox asan, əqlə və məntiqə zidd bir yoldu. Sadəcə ona görə ki, insanların qəlbində imam Hüseyn (ə) məhəbbəti olmasa, heç bu məclislərə üz tutmazlar. Məgər beləsi azdır? Məclisə gəlməməsi bir yana, hətta Kərbəla şəhidlərinə, əzadarlara dil uzadırlar. Yəni "baltalamaq" çox səhv olardı. Belə addım həm də bir növ məsələni görməməzliyə vurmaq deməkdir. Hərçənd düşünməyinə dəyər. Bəli, Hacı Şahin və Hacı Ramilə dindarlarımızın, bəzən isə hətta namaz əhli olmayanların məhəbbəti və hörməti sonsuzdur. Onların bir sözü kifayət etdi ki, artıq camaat məclisi moizə hissəsindən sonra tərk etməsin. Amma elə bu hörmət gələcəkdə əks-nəticə də verə bilər. Necə? Çox sadə. Bu şəxsiyyətlərə hörmət edən bəndə ümumiyyətlə məclisə gəlib-gəlməməyi götür-qoy edəcək, sosial şəbəkə vasitəsi ilə canlı yayımı izləyəcək.

Bəs, yaxşı, nə baş verir? Nə üçün insanlarımız, qardaşlarımız və bacılarımız belə edir? Yoxsa rozə və mərsiyələrdən usanıblar? Ya bəlkə rozə və mərsiyələrin zamanı keçmişdə qaldı? Əlbəttə ki, yox! Sadəcə olaraq bu rozə məclislərini quranda, rozə repertuarı seçəndə nəzərə almaq lazımdır ki, auditoriya nə 19, nə 20, hətta 21-ci əsrin əvvəlinin də auditoriyası deyil. Camaatı ağlatmaq naminə söylənilən nağıllar artıq effektiv deyil. Vaizi dinləyib rozədən boyun qaçırmaq onu göstərir ki, dindarlarımız daha çox tarixi faktlara söykənən, real hadisələri daha dəqiq əks etdirən məlumatlara rəğbət bəsləyirlər, nəinki əfsanə və nağıllara.