Daha yaxşı rəqəmsal həyat üçün səkkiz günlük bələdçi


Digərləri 16 Noy 2017 21:36:00 329 0

Daha yaxşı rəqəmsal həyat üçün səkkiz günlük bələdçi

Sizin proqramlarınız, axtarış sistemləriniz və sosial şəbəkələriniz haqqınızda ən yaxın dostunuzun belə bilmədiyi qədər çox şey bilirlər. Bunun dərəcəsini müəyyənləşdirmək üçün Sophia Smith Galer Data Detox (Məlumat Detoksu) adlı proqramı sınaqdan keçirib.

Data Detox haqqında ilk dəfə oxuduqda şübhə ilə yanaşmışdım. Bir növ hesablarımdan çıxmağa bənzəyirdi.

İşimə görə demək olar ki, həmişə internetdə olmağa məcburam.

Hesablardan çıxmaq isə professional sui-qəsd olardı. Lakin bu səkkiz günlük proqramın məqsədi o deyil. O, bir növ rəqəmsal həyatınızı tanımaq və qaydasına salmaq üşündür.

Proqram qeyri-kommersiya qrupları Mozilla və ekran arxasında məlumatlara nə baş verdiyini görmək üçün Londonda təşkil edilmiş The Glass Room (Şüşə otaq) layihəsinin təşkilatçısı Tactical Technology Collective tərəfindən yaradılıb.

Onlar bizim illərə dayanan internet davranışımızı dəyişə bilməycəyimizi anlayır və əvəzində, gələcəkdəki seçimlərimiz üçün daha məlumatlı olmaq üçün Detox-u təklif edirlər.

"Səkkiz gün olmaqla gün ərzində yarım saatdan da az bir müddətdə insanlar internet alışqanlıqlarını asan və praktik addımlarla azalda bilərlər," The Glass Room layihəsinin kuratorları mənə dedilər.

"Ümid edirik ki, Data Detox Təchizatı (Kit) insanların məlumat haqqında fərqli düşünməsinə kömək olacaq."

Bundan həvəslənərək onu sınamaq qərarına gəldim və siz də buradan edə bilərsiniz.

Beləliklə, nəyi öyrənmiş oldum?

1-Cİ GÜN: TAPINTI

Bir sözlə ilk gün sizə axtarış proqramlarında nə qədər uzun müddət vaxt keçirdiyiniz izah olunur. Onlayn jurnalist kimi həyatımın əsas hissəsi internetdə keçir və bununla həmişə qane olmuşam.

Axtarış tarixçəsini silərək özünüzü yad birisi kimi Google-da axtara bilərsiniz. Bu halda sizi internetə bağlayan müxtəlif şəkil və linkləri görmək olur.

Öz nəticələrimdən razı qaldım, çünki məzmunun böyük hissəsini özüm oraya yerləşdirmişdim.

Alternativ axtarış sistemindən istifadə edənə qədər hər şey normal görünürdü.

DuckDuckGo qeyri-kommersiya səhifəsi, Google-dan fərqli olaraq sizin axtarış tarixçənizdəki məlumatlarda maraqlı deyil və ya sizə uyğun nəticələr göstərmir.

Bununla belə, Yahoo, Bing və Yandex kimi digər mənbələrdən istifadə edərək sizin cümlələrinizi avtomatik tamamlamağa çalışır. Google mənim axtarışımı 'Sophia Smith Galer BBC' kimi tamamladığı halda, DuckDuckGo 'Sophia Smith Galer liberal' təklifini verdi.

Kimin bu cür axtarış edə biləcəyi haqqında düşünməyə başladım: işlədiyim şirkətmi, yazdığım məqalələrmi, Reddit-dən hücuma məruz qaldığım məsələmi?

Kim bilir. Amma bu, başqa insanların haqqımda necə düşündükləri barədə mənə ipucu verdi.

2-Cİ GÜN: HƏR ŞEY BİR YERDƏ

'Google sənin ən yaxın rəfiqəndirmi?' Data Detox tez-tez sual edir. Bura bax, bilirəm ki, internetdə çox zaman keçirirəm, amma internetdən kənar bir həyatım da var, çox sağ ol.

Amma sən demə, Google həqiqətən də mənim ən yaxın rəfiqəm imiş.

Detox Google-da paylaşdığın informasiyanı soruşur və sonra həmin informasiyan ən yaxın dostunla bölüşüb-bölüşməyəcəyini sual edir. Mən Chrome, Docs, Gmail, Translate, YouTube və Maps-dən istifadə edirəm.

Bu o deməkdir ki, - dərin nəfəs almağa dəyər - Google-a harada olduğumu, hansı alətdən istifadə etdiyimi, nə ilə maraqlandığımı, nə üzərində işlədiyimi, bilmədiyim dillərdə danışan insanlara e-mail vasitəsilə nə göndərdiyimi, nəyə qulaq asmağı xoşladığımı, keçmişdə harada olduğumu, oraya nə qədər tez-tez baş çəkdiyimi və səyahətlərimi söyləyirəm.

Ən yaxın rəfiqəm haqqımda çox şey bilir, amma bu qədərini yox.

Android telefondan istifadə etmirəm və əgər siz edirsinizsə, bilin ki, səsyazma ilə etdiyiniz axtarışlar da qeydə alınır. Beləliklə, Google sizin səsinizi də tanıyır.

Google-dakı fəaliyyəti silmək mümkündür və Detox sizə bunun yolunu izah edəcək.

3-CÜ GÜN: FACEBOOK SİZİ NƏ QƏDƏR YAXŞI TANIYIR?

Bu gün daha maraqlı idi, çünki əvvəlki qədər Facebook-da paylaşım etmədiyimin fərqinə varmışdım.

Məzmun çöküşü bu sosial media şirkətini keçən il narahat etməyə başlayıb.

Yəni mən nəyi və harada paylaşacağımdan əmin olduğum halda, 12 yaşımda dostlarım da, mən də divarımızı etdiyimiz hər şeyi haqqında şəkil və məlumatlarla doldururduq.

Artıq ötən gecə və ya bu səhər yediklərim haqqında yeni şəkilləri Instagram-da bölüşürəm və xəbər məqalələri və ya təhlillərimi Tvitterdə paylaşıram.

Bir çoxumuz üçün Facebook profili uşaqlıq postları və şəkilləri ilə dolu məzarlığa çevrilib.

Özünüzü etiketdən çıxarmağın və ya dostlarınızdan bəzi şeyləri silsinlər deyə xahiş etməyin vaxtı çatıbmı?

4-CÜ GÜN: AXTARIŞ VƏ SÖRFİNQ

Hər dəfə Facebook və ya Tvitterdə nəyisə "Bəyənərək" üçüncü şirkətləri baş çəkdiyiniz səhifələr, basmağı xoşladığınız məlumatlar və İP ünvanınız barədə xəbərdar edirsiniz.

Bunlar bildiyiniz izaxtaranlardır. Sizin onlayn davranışınızı izləyən yüzlərlə gizlin ləpirçilər də var. Əgər hansısa şirkətin çox sayda saytlarda izçiləri varsa, demək ki, sizin axtarış vərdişlərinizi asanlıqla aşkarlayacaqlar.

Sizin başlanğıc gizlilik ayarlarınız da çox güman ki, bir o qədər də gizli deyil.