Azərbaycan polipropilen və polietilen ixracından 8 mlrd. dollar qazanacaq


İqtisadiyyat 16 Noy 2017 13:57:40 296 0

Azərbaycan polipropilen və polietilen ixracından 8 mlrd. dollar qazanacaq

Rövnəq Abdullayev bildirib ki, hazırda inşaat mərhələsində yeni zavodlar artıq gələn il istismara veriləcək

 Sumqayıtda inşa olunan "SOCAR Polymer" şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının fəaliyyəti dövründə hazır məhsul ixracından 8 mlrd. ABŞ dolları həcmində gəlir əldə ediləcəyi gözlənilir.

"Report" xəbər verir ki, bunu Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) Bakıda təşkil etdiyi işgüzar naharda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

O qeyd edib ki, inşaat mərhələsində olan zavodlar artıq gələn il istismara veriləcək.

"SOCAR Polymer" şirkəti SOCAR ilə "Pasha Holding", "Azersun Holding" və "Gilan Holding" tərəfindən birgə yaradılmış müəssisədir. Şirkət Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyulunda yaradılıb. "SOCAR Polymer" layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk analoji layihədir.

Şirkətin polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (HDPE) qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilir. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Park geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və bütün icazələrin verilməsi məsələləri üzrə bir pəncərə yanaşması vasitəsilə Azərbaycanda innovasiyalı sənaye təşəbbüslərinə dəstək göstərir. "SOCAR Polymer"in iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək.