Qazaxıstan nümayəndə heyəti Azərbaycanda turizmin inkişafını müzakirə edəcək


Siyasət 16 Noy 2017 13:12:40 302 0

Qazaxıstan nümayəndə heyəti Azərbaycanda turizmin inkişafını müzakirə edəcək

Səfir: "Turizm sahəsində əməkdaşlıq iki ölkənin iqtisadi inkişafına təkan verəcək"

Qazaxıstanın Uralsk şəhərinin akimi Murat Mukayevin Bakıya səfəri zamanı əsas müzakirə mövzularından biri turizmin inkişafı olacaq.

Bu barədə "Report"a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bildirib.

"Yaxın günlərdə Uralsk şəhərinin akiminin Bakıya səfəri planlaşdırılır. Səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin rəhbəri Bakı meriyasından olan həmkarları ilə bir sıra görüşlər keçirəcək. Turizm sahəsində əməkdaşlıq bu görüşlər zamanı müzakirə ediləcək məsələlərdən biri olacaq" - diplomat vurğulayıb.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycanın turizm sahəsindəki hədəfləri eynidir: turizm potensialının inkişafı, eləcə də turist axınının artırılması.

"Sözsüz, Azərbaycan, bütövlükdə Qafqaz regionu həmişə tarixi, təbiəti, mədəniyyəti və qonaqpərvərliyi ilə turizm üçün cəlbedici olub. Bu il Azərbaycana ərəb dünyasından böyük turist axınının şahidi olduq. Bu ilin ilk 9 ayı ərzində Azərbaycana 1,5 milyon nəfər ziyarət edib", - B.İsabayev bildirib.

Səfirin sözlərinə görə, turizm sahəsində əməkdaşlıq iki ölkənin iqtisadi inkişafına təkan verəcək.