İrandan Azərbaycana gələn avtomobildə narkotik tapıldı


Kriminal 16 Noy 2017 11:49:00 247 0

İrandan Azərbaycana gələn avtomobildə narkotik tapıldı

Gömrük orqanına təqdim olunmayan dərman preparatı İrandan Azərbaycana gələn avtomobildə kinoloji xidmət itinin reaksiyası əsasında aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı, xidməti it avtomobilin salonuna reaksiya verib və həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılıb. Nəticədə, avtomobilin sürücü oturacağının arxasında, əşyaların saxlanılması üçün nəzərdə tutulan ciblikdə gömrük nəzarətinə bəyan olunmayan 50 konvalyut - cəmi 500 həb "Alprazolam 0.5" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Alprazolam" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar"ın III siyahısına daxildir.