Azərbaycanın ixrac missiyası Sankt-Peterburqdadır


İqtisadiyyat 16 Noy 2017 11:24:26 257 0

Azərbaycanın ixrac missiyası Sankt-Peterburqdadır

İxrac missiyasının səfəri bu gün başa çatır

Azərbaycanın növbəti ixrac missiyası Rusiyanın Sankt-Peterburq şəhərindədir. Bu barədə “Report”a Azərbaycan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsi daxildir.

Missiya çərçivəsində Azərbaycan iş adamları "Azpromo" və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilən “Peterfood” qida sərgisi çərçivəsində təşkil olunan XVII Peterburq Ərzaq Forumunda iştirak ediblər.

Forumda 2017-ci və 2018-ci illər üçün pərakəndə ticarətin başlıca istiqamətləri, bu sahədə proqnozlar və tendensiyalar, istehlakçıları cəlb etmək üçün yeni strategiyalara dair müzakirələr aparılıb və iş adamları üçün master-klass keçirilib.

Tədbir çərçivəsində missiya iştirakçıları üçün Rusiyanın Şimal-Qərb regionunun iri marketlər şəbəkələri ilə ikitərəfli görüşlər də təşkil olunub. “X5 Retail Group”, “Aşan”, “Maqnit”, “Diksi” və “Metro” kimi iri marketlər şəbəkələrinin və yerli distributor şirkətlərin nümayəndələrinin iştirak etdiyi görüşlərdə Azərbaycan şirkətləri öz məhsullarını da təqdim ediblər.

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “Peterfood” sərgisinin rəsmi açılışında çıxış edən "Azpromo"nun vitse-prezidenti Yusif Abdullayev tədbir iştirakçılarına “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı fərmanın icrası istiqamətində görülən işlər və qurumun fəaliyyəti barədə məlumat verib.

İxrac missiyasının səfəri noyabrın 16-na qədər davam edəcək.