Milli Məclisin şöbə müdiri beynəlxalq cinayətlərin qarşısının alınmasını ilə bağlı yeni qanunun layihəsinin məqsədini açıqlayıb


Digərləri 16 Noy 2017 11:05:04 163 0

Milli Məclisin şöbə müdiri beynəlxalq cinayətlərin qarşısının alınmasını ilə bağlı yeni qanunun layihəsinin məqsədini açıqlayıb

Qanun layihəsi ingilis dilinə tərcümə edilərək Cenevrəyə göndərilib

“Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsi təsadüfi meydana gəlməyib. Bu cinayətlərin qarşısının alınması üçün hüquqi baza formalaşdırılmalıdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov parlamentdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda keçirilən yekun müzakirədə deyib.

O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasına baxmayaraq, bu məsələdə əsas rol dövlətlərə məxsusdur: “Bunun üçün də müvafiq qanunvericilik bazası yaradılmalıdır. Hazırlanan layihə də bunun tərkib hissəsidir. Hərbi cinayətlər, soyqırım aktları beynəlxalq konvensiyalarda mövcuddursa, insanlıq əleyhinə cinayətlər isə heç bir beynəlxalq konvensiyanın predmeti deyil. Hazırladığımız layihədə bu məsələlər əksini tapıb. Qanun layihəsi ingilis dilinə tərcümə edilərək Cenevrəyə göndərilib ki, oradan ekspertlərin rəyi alınsın. Verilən rəyə uyğun olaraq layihəni təkmilləşdirilərək ictimaiyyətə təqdim edəcəyik”.