Seysmoloji Xidmət Mərkəzi: Ağdamdakı 6 ballıq zəlzələnin avtoşokları hələ davam edir


Sosial 16 Noy 2017 09:40:26 300 0

Seysmoloji Xidmət Mərkəzi: Ağdamdakı 6 ballıq zəlzələnin avtoşokları hələ davam edir

“Avtoşoklar hətta bir ay da davam edə bilər”

"Zəlzələnin proqnozunu əvvəlcədən vermək olmur. Əvvəlcədən bir şey bilinir ki, Azərbaycanın ərazisi seysmik ərazidir və zəlzələ daim ola bilər".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınan 6 bal gücündə zəlzələnin avtoşokları hələ davam edir: "Avtoşoklar davam etdiyinə görə hələ onların sayını deyə bilmərik. Avtoşokların çoxu hiss olunmur, yəni 3 bala yaxın olur".

Sözçü qeyd edib ki, zəlzələnin avtoşokları bir neçə gün, hətta bir ay da davam edə bilər: "Dünən olan zəlzələ güclü zəlzələdir. Amma dağıdıcı xarakterli zəlzələ deyildi. Tikinti qaydalarına riayət olunmayan tikililərdə dağıntı olması təbiidir. Azərbaycan seysmik zonada yerləşir, daim ölkə ərazisində təkanların olması normaldır".