Uzunömürlülüyün sirri olan yağlar...


Digərləri 15 Noy 2017 22:24:00 276 0

Uzunömürlülüyün sirri olan yağlar...

Azərbaycan mətbəxində müxtəlif növ yağlardan istifadə edilir. Bu yağların bəzilərinin faydası olsa da, bəziləri səhhətimiz üçün ziyanlı sayılır. Məsələn, kərə yağları barədə diyetoloqlar, həkimlər qeyd edirlər ki, onu az miqdarda çiy halda yemək lazımdır. Ancaq çoxlarımız hətta kərə yağını əridib yeməklərin bişirilməsindən ondan istifadə edirik.

Əslində isə bununla yeməklərimizə müəyyən qədər dad qatsaq da, səhhətimizə ziyan vurmuş oluruq. Ümumiyyətlə, son vaxtlar kərə yağlarının qiymətinin bahalaşması və satışda saxta kərə yağlarının olması insanları bu yağlardan müəyyən qədər uzaqlaşdırıb. Bu cür yağlarla yanaşı, əksəriyyətimizin uzaq durduğu, adı gələndə hətta ağız büzdüyü bir yağ var ki, o keçmişdə nənə-babalarımızın uzunömürlük resepti olub. Söhbət quyruq yağlarından gedir. Quyruq yağı heyvan mənşəli yağların içində ən təbii və ziyansızıdır. Bərkdir, şəffafdır, tutumludur. Yağ turşuları ilə zəngindir. Qoyun piyi və quyruq yağı asan həzm olunur. Həzm sisteminə, qana və qaraciyərə ağırlıq vermir. Əridilmiş quyruq yağı həm də dərini cavanlaşdırır. Yüksək kalorili qidadır, hətta az miqdar qəbulu belə orqanizmin enerji təminatını ödəyir və toxluq hissi yaradır. Quyruq yağının tərkibindəki A və B1 vitamini beyin hüceyrələrini aktivləşdirir, yaddaşı, görməni gücləndirir, immuniteti möhkəmlədir.

Buradan anlamaq mümkündür ki, keçmişdə nənə-babalarımız nəyə görə bu qədər uzunömürlü və sağlam olublar. Müasir dövrümüzdə nəinki 60-70, hətta 35-40 yaşlarından artıq insanlarda qocalma prosesi gedir, müəyyən bir yaşa çatdıqda isə müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Bu cür vaxtsız qocalmanın və xəstəliklərə düçar olmanın səbəbi isə yaşam tərzi ilə yanaşı, həm də qidalardır.

Qeyd edək ki, 100 qram quyruq yağında 50 faiz yağ turşusu, omeqa- 9 var. Bu da hüceyrə membranı üçün həyat enerjisi deməkdir. Bundan başqa, quyruq yağı soyuqdəyməyə, yanıqlara, bronxitə, kürək bel ağrılarına da faydalıdır. Keçmişdə nənələrimiz soyuqdəyməsi olan insanların kürəyinə quyruq yağı çəkib masaj etməyi tövsiyə edirdilər. Hazırda bu yağdan kəndlərdə çox istifadə edilir. Quyruq yağı ilə qızartmaların daha dadlı alındığı qeyd edilir.