Azərbaycan həndbolunun flaqmanı Rəfiqə Şabanova


İdman 15 Noy 2017 21:43:00 278 0

Azərbaycan həndbolunun flaqmanı Rəfiqə Şabanova

1976-cı ildə Kanadanın Monreal şəhərində keçirilən XXI Yay Olimpiya Oyunlarında Rəfiqə Şabanova olimpiya proqramına ilk dəfə daxil edilən həndbol (əl topu) idman növü üzrə Sovet İttifaqının yığma komandasının tərkibində Olimpiya çempionu adına layiq görülüb. Bu qələbə Azərbaycanda həndbolun populyarlığının artmasına, inkişaf etməsinə və bir idman növü kimi formalaşmasına böyük təsiri göstərib.

Həndbol, bir komandanın 6-sı sahə, 1-i qapıda olan 7 oyunçu ilə iki komandanın oynadığı idman növüdür. Oyun müddəti 30 dəqiqəlik iki dövrədən ibarətdir. İlk illərində böyük stadionlarda 11 nəfərdən ibarət komandalar halında oynanan həndbol, 1950-ci illərdən sonra salon idmanına çevrilib.
Hazırda həndbol dünyada, xüsusilə Avropa qitəsində böyük tamaşaçı auditoriyası qazanıb. Müasir həndbolda dünya və olimpiya çempionluğunu Avropa qitəsindən xaricə çıxara bilən tək komanda Koreya olmuşdur.
Azərbaycanda da bu idman növünə xüsusi maraq vardır. Sovet dönəmində Azərbaycan həndbolu SSRİ məkanında daim 2-3-cü pillələrdə olmuşdur. Həndbolçular Rəfiqə Şabanova və Lüdmila Şubina Sovet komandasının sıralarında Olimpiya çempionu titulu qazanmışlar.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra da həndbolçuların uğurları çox olmuşdur. 2002-ci ildə Bakıda "Çağırış kuboku" turniri təşkil edilmişdir. Avropa Həndbol Federasiyasının təşkil etdiyi yarışda Azərbaycan komandası turnirin qalibi olmuşdur.
2008-ci ildə Azərbaycanın qadınlardan ibarət həndbol yığması Çernoqoriyada təşkil olunan Dünya çempionatının seçmə qrup mərhələsində Bolqarıstan üzərində qələbə qazanmış, ikinci görüşdə İtaliyanı üstələmişdir.

2010-cu ildə Makedoniyada keçirilmiş qadın həndbolçular arasında dünya çempionatının seçmə mərhələsində çıxış etmiş idmançılar qrupda 2-ci yeri tutmuşlar.

Rəfiqə Şabanova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman ustası (1982), SSRİ əməkdar idman ustası olub.

1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir.

XXI Olimpiya oyunları (1976, Monreal) çempionu, SSRİ çempionatının gümüş (1970-74, 1976-77), bürünc (1965, 1978, 1980, 1982-1984), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bürünc mükafatçısı (1975-1979) olmuşdur. “Avtomobilçi” komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu almışdır (1983).

Məşhur idmançı uşaqlıq illərini belə xatırlayır: “Demək olar ki, məhəllmizdə yeganə qız uşağı mən idim. Qalan uşaqların hamısı oğlan olduğu üçün mən də onlarla oynamağa məcbur idim. Ona görə də onlarla birgə futbol oynayırdım. Hətta qız üçün olan oyunları belə, oğlanlara oynamağa məcbur edirdim. Biz Sabunçuda yaşayırdıq, stadion isə Bakıxanov qəsəbəsində idi. Uşaqlara qoşulub anamdan icazə almadan stadiona gedirdim. Sonradan idmanla professional məşğul olmağa başladım. Artıq anam da anladı ki, qərarımı vermişəm, məni yolumdan döndərə bilməyəcək. Anama hər işdə kömək edirdim. Ailədə maddi baxımdan vəziyyət o qədər də yaxşı deyildi. Ona görə anam da işləyirdi. Mən də evdə ona hər cür kömək edirdim. Anam tibb bacısı idi. Sonradan musiqi məktəbini də bitirdi. Amma tibb bacısı işlədi sonadək...    

Sabunçuda yaşayırdıq. Ora çətin yer idi. Axşamlar küçəyə çıxmaq qorxulu idi. Amma mən qorxmurdum küçəyə çıxmağa. Oğlanların hamısı mənim dostlarım idi. Məhəllə uşaqları ilə münasibətimiz çox yaxşı idi. Birlikdə gəzməyə çıxırdıq. Onlar məni qoruyurdular. Evimizin yanında meydança var idi. Orada oğlanlar futbol oynayırdılar. Mən də onlarla oynayırdım”. 

Olimpiya çempionu Rəfiqə Şabanova böyük idmana gəlişi haqda deyib: “Həndbola mən 19 yaşımda gəldim. Amma iki il sonra artıq mən SSRİ yığma komandasında oynayırdım. Görüb dəvət etdilər məni”.

“İdman mənim işim, həyatımın bir parçasıdır” deyən Rəfiqə Şabanova Azərbaycan həndbolunun indiki vəziyyətinin o qədər də yaxşı olmadığını bildirir: “Mənim fikrimcə, həndbolda indi vəziyyət bir az ağırdır. Nəsil dəyişikliyi yaşayır həndbolumuz. Yaşlılar artıq öz karyeralarını yekunlaşdırıblar. Onların yerinə gənclər gəlib. Ona görə də bir az durğunluq yaranıb. Hələ ki, elə  uğurlar, filan yoxdur. Amma yeni gələnlərlə çoxlu məşq eləmək lazımdır. Mən hesab edirəm ki, uşaqların həndbolu öyrənməsi üçün şəraiti olan idman məktəbləri çox olmalıdır. Əvvəllər belə məktəblər var idi. Bizə uşaqlar oradan gəlirdilər. Onların artıq müəyyən qədər məşq, oyun təcrübəsi olurdu. İndi gələnlərin isə belə təcrübəsi çox azdı. Uşaqların həndbol üzrə məşq edə biləcəkləri məktəblər çox olmalıdır. Bir məsələ də var ki, indi uşaqların vaxtı da az olur. Onlar əsas vaxtlarını dərslərini öyrənməyə sərf edirlər. Məşq etməyə vaxt qalmır. Bizə gələn uşaqlarda da belədir. Əsas vaxtlarını məşqə yox dərslərinə sərf edirlər. Ona görə də məşqlərə müntəzəm gəlmirlər”.   

Rəfiqə Şabanova Azərbaycanın kişi həndbol komandasının qadınlar qədər uğurlu olmamasının  səbəbləri barədə belə deyir: “Sovet hökuməti dövründə bizim oğlanlardan ibarət komandamız çox yaxşı idi. Sonra o komandada da dəyişikliklər oldu. Nəsil dəyişdi. Hamı getdi. Məşqçilər dünyasını dəyişdi və s. Vəziyyət bir az dəyişdi. Ona görə, indi onlar da sıfırdan başlayıblar bu işi qurmağa”. 

Tanınmış idmançı indi məşqçilik edir. Amma asudə vaxtlarında da boş dayanmır, vaxtını zövqlə keçirməyi bacarır. O, böyük tennisi çox xoşlayır. Musiqini də çox sevir. Maşına oturan kimi radionu işə salır, musiqini ürəyilə dinləyir. Klassikadan tutmuş müasir mahnılara qədər bütün gözəl musiqiləri xoşlayır.  

İdmandakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif olunan Rəfiqə Şabanova uğurlarından, mükafatlarından danışmağı o qədər də sevmir. Amma  bununla belə saysız-hesabsız nailiyyətlərinin heç də asanlıqla əldə edilmədiyini də bildirir: “Düzdü oynadığım illərdə, əlbəttə ki, mükafat almaq xoş idi. Amma mən heç vaxt mükafat haqqında düşünməmişəm. Öz işimi sevmişəm və canımı qoymuşam bu yolda. Ömrümü sərf eləmişəm. Başqaları kimi istədiyimiz vaxt istirahət etməyə, harasa getməyə, gəzməyə vaxtımız olmayıb. Oyun olmayanda da bütün günü məşqdə olurduq. Ağır işdir bu. Oyunda zədə alırdım. İynə vurub ağrını götürürdülər, yenə meydana çıxırdım. Bu elə işdir ki, yarıda da atmaq olmur. Çünki canını verirsən ona”.

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda dövlət idmançılara daim qayğı göstərir, dünya şöhrətli idmançılarımızı diqqətdən kənar saxlamır. Təsadüfi deyil ki,  Olimpiya çempionu Rəfiqə Şabanova estafeti Azərbaycandan götürən ilk Avropa Oyunlarının məşəlini daşıyan ilk idmançı seçilib. O bu şərəf haqda belə deyib: “Avropa Oyunlarının məşəli Azərbaycanın müstəqilliyinin qüdrəti və daimiliyinin göstəricisidir”.

Avropa Oyunlarının ilk məşəlçisi olmaq qocaman idmançının yaddaşında həyatının unudulmaz anı kimi həkk olunub. Rəfiqə xanım deyir ki, idman bioqrafiyasında, çoxillik fəaliyyətində heç vaxt həmin anda olduğu qədər sevincli olmayıb. Ona göstərilən yüksək etimad qəlbində çox böyük təəssürat və heç vaxt unudulmayan hisslər oyadıb. 

Uğurlarının böyük qismi Sovet hakimiyyəti illərinə təsadüf etsə də, həmişə öz xalqının, boya-başa çatdığı Azərbaycanın adını uca tutur, onunla qürur duyduğunu deyir: “Müstəqil Azərbaycan dövləti digər sahələrlə yanaşı, idmanımızı da yenidən dirçəltdi. Bu gün hər bir Azərbaycan idmançısı lazım olan qayğı ilə əhatə olunub. Xüsusilə qeyd etmək istəyirəm ki, hətta əvvəllər - SSRİ yığmasında oynadığım vaxtlarda, qələbələrimin çox olduğu dövrlərdə dəfələrlə başqa millətlərdən özümə qarşı paxıllıq hissləri görmüşəm. Hətta bunlara görə SSRİ yığma komandasında oynamaqdan imtina etdiyim vaxtlar da olub. Buna baxmayaraq, öz əzmkarlığımdan dönməmişəm. Görün nə boyda yol, nə qədər maneə qət etmişik. Şükürlər olsun ki, bu çətinliklər, problemlər hamısı xatirəyə dönərək keçmişdə qaldı. Bu gün müstəqil dövlətimiz kimi, müstəqil idmanımız da var. Öz komandası ilə doğma bayraq və səni sevən insanların alqış sədaları altında yarışmaqdan gözəl nə ola bilər!?”

Ulu öndər Heydər Əliyevin gənclərin fiziki hazırlığına, idmanın inkişafına göstərdiyi xüsusi qayğı Prezident İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi ilk illərdən idmanda yeni era başladı. Uğurlu və hərtərəfli düşünülmüş siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqla bərabər, həm də bu sahədə aparıcı yerlərdən birini tutur. O, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Bunun ən bariz nümunəsi və göstəricisi ilk Avropa Oyunları kimi möhtəşəm bir tədbirin keçirilməsinin Azərbaycana etibar edilməsi, “İslam Həmrəylik Oyunları-2017” yarışlarının ölkəmizdə təşkilidir.

Əməkdar idman ustasının fikrincə, müstəqil Azərbaycanda idmanın inkişafı həndbola da marağı artırıb. İdmanın bu növünə daha ciddi yanaşılmalıdır. Yaşlı idmançıları, məşqçiləri yeniləri əvəz etməli, davamçılar yetişməlidir. İstər idmanın bu növündə, istərsə də başqa növündə olsun, - bu, vacib şərtdir.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir