Portağal şirəsi nadir xüsusiyyətlərə malikdir


Digərləri 15 Noy 2017 21:24:00 261 0

Portağal şirəsi nadir xüsusiyyətlərə malikdir

Əgər insan hər gün iki stəkan portağal şirəsi içərsə, onun sümüklərinin sınması riski iki dəfə azala bilər. Çinin Çjençjou şəhərindəki universitetdə 10 min nəfərin iştirakı ilə aparılan tədqiqatların nəticəsi göstərib ki, bu şirə sümükləri möhkəmləndirərək sınmadan qoruyur. Bütün "sirr" isə pomidor, çiyələk, kivi və brokkol kələminin tərkibində bol olan C vitamini ilə bağlıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatlar çərçivəsində müşahidə olunub ki, C vitaminindən çox istifadə edən insanlar sınma ilə az qarşılaşıblar. Bu kəşf osteoporozdan əziyyət çəkən yaşlı insanlar üçün daha aktualdır. C vitamini cavan sümük hüceyrələrini (osteoblast) stimullaşdırır, nəticədə onlar yaşlı sümük hüceyrələrinə çevrilir.

Hər gün 50 milliqram C vitamin (orta ölçülü stəkanın dörddəbiri qədər şirə) qəbul edilməsi sümüklərin sınma riskini 5 faiz aşağı salır. Deməli, 1 stəkan şirə qəbul edilməsi həmin riski təxminən 20 faiz, 2 stəkan şirə isə 40 faiz azaldır. Həkimlər qeyd edirlər ki, orqanizm C vitaminini saxlamadığından onun hər gün qida ilə birgə qəbul edilməsi vacibdir.