Dünya Bankı Qafqaz Tranzit Dəhlizinin potensialını gücləndirmək məqsədilə ilkin hesabatları təqdim edir


Digərləri 15 Noy 2017 17:50:00 374 0

Dünya Bankı Qafqaz Tranzit Dəhlizinin potensialını gücləndirmək məqsədilə ilkin hesabatları təqdim edir

Dünya Bankı bu gün Qafqaz Tranzit Dəhlizi (QTD) ilə yükdaşımalar üçün tranzit və dəhliz potensialının gücləndirilməsi üzrə tədqiqatın ilkin nəticələrini Azərbaycanda əsas tərəfdaşlarına təqdim edib.

Bankdan Trend-ə verilən məlumata görə, Dünya Bankı-Çin birgə qrant fondu vasitəsilə maliyyələşdirilən bu texniki yardım Qafqaz Tranzit Dəhlizi boyunca maneələrin müəyyən olunması, dəhlizin nəticələrinin monitorinqi metodu əsasında nəticələrin qiymətləndirilməsi, habelə dəhlizin rəqabət qabiliyyətinin və logistikasının yaxşılaşdırılması məqsədilə tədbirlərin tövsiyə olunmasında Azərbaycan və Gürcüstanın hökumətlərinə yardım edir.

QTD Azərbaycan və Gürcüstanı Avropa, Çin, Qazaxıstan və regiondakı digər tərəfdaşlarla əlaqələndirir. Çin ixracının 16 faizinin Qərbi Avropaya yönəldiyini nəzərə alsaq, sözügedən dəhliz Çin və Qərbi Avropanı əlaqələndirmək üçün ciddi vasitəyə çevrilmək potensialına malikdir. O, eyni zamanda, Çinin "Bir Kəmər - Bir Yol" təşəbbüsünün vacib komponenti olar bilər. Hazırda bu malların daşınması üçün digər marşrutlara üstünlük verən yük daşıyıcıları, Qafqaz Tranzit Dəhlizi xərclər baxımından səmərəli və yüksək keyfiyyətli nəqliyyat, eləcə də loqistika xidmətləri təklif edəcəyi təqdirdə, məhz QTD-yə üstünlük verəcəklər. Fiziki infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələrin yekunlaşmaqda olduğu nəzərə alınarsa, hər iki hökumət hazırda diqqətini qeyri-fiziki maneələrin azaldılmasına yönəldir.

Dünya Bankının Azərbaycanda nümayəndəsi Navid Naqvi deyib ki, bu texniki yardım Qafqaz Tranzit Dəhlizinin 21-ci əsrin İpək Yoluna çevrilməsi üçün həyata keçirilməsi tələb olunan addımları müəyyən etməyə kömək edir: "Bu tədqiqat bu mühüm nəqliyyat dəhlzinin səmərəlilik və rəqabətə davamlılığını daha da yaxşılaşdırmaq məqsədilə diqqət tələb edən sahələri sistemli şəkildə aşkar edəcək".