Gənc Tamaşaçılar Teatrında “Eşq-i Nigar” tamaşasının premyerası keçirilib


Digərləri 15 Noy 2017 17:49:48 201 0

Gənc Tamaşaçılar Teatrında “Eşq-i Nigar” tamaşasının premyerası keçirilib

“Eşq-i Nigar” tamaşası türkdilli xalqların məşhur Koroğlu qəhrəmanına Nigarın baxışlarını əks etdirir

Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanının motivləri əsasında hazırlanan “Eşq-i Nigar” adlı tamaşanın premyerası keçirilib. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, premyeradan əvvəl teatrın direktoru Mübariz Həmidov Bakı Yunis Əmrə İnstitutu ilə ilk birgə layihənin həyata keçirilməsindən məmnunluğunu ifadə edib və bundan sonra da birgə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb . 

Bakı Yunis Əmrə İnstitutu ilə Dövlət Gənc Tamaşaçılar Teatrının birgə dəstəyi əsasında reallaşan səhnə əsərində teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış edib. Tamaşanın səhnə redaksiyasının müəllifi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, plastik həlli Ceyhun Dadaşovdur.

“Eşq-i Nigar” tamaşası türkdilli xalqların məşhur Koroğlu qəhrəmanına Nigarın baxışlarını əks etdirir. 

Beynəlxalq layihə əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Həşimova dastanın lirik məqamlarından çox, onun bir qəhrəmanlıq dastanı olduğunu nəzərə alaraq, mərdlik, cəsarət, vətənpərvərlik motivlərini ön plana çəkib. Tamaşa yeniyetmə və gənclərə milli mənafeni qorumaq, mübarizlik, qəhrəmanlıq və sədaqət kimi duyğuları təlqin edir. Azərbaycan və türk xalqlarının nəcibliyini özündə əks etdirən tamaşa musiqisi, plastik həlli, klassik geyimləri, maraqlı rəqsləri ilə diqqəti cəlb edir.