Bakıda tanışını bıçaqlayan şəxs: "Əməlimdən peşman deyiləm"


Sosial 15 Noy 2017 16:40:30 252 0

Bakıda tanışını bıçaqlayan şəxs: "Əməlimdən peşman deyiləm"

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Cabir İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, hadisə 2015-ci ilin fevral ayının 14-də baş verib. Lökbatan qəsəbə sakini olan C.İbrahimov qəsəbə sakini Fariz Abbaszadə ilə mübahisə edib. Daha sonra isə C.İbrahimov "Rus qəbristanlığı" deyilən ərazidə üzərində gəzdirdiyi ov bıçağı ilə onu qəsdən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

C.İbrahimov elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib. O, sərbəst ifadəsində bildirib ki, əməlindən peşman deyil: "Farizə bir bıçaq zərbəsi vurdum. O, yaralı vəziyyətdə oradan qaçdı. Qaçandan sonra nə olduğunu bilmədim. Ailəm onunla maraqlandı".

C.İbrahimov hadisəyə səbəb kimi kafedə çay içərkən F.Abbaszadənin onunla "şit zarafat" etməsini göstərib.

Zərərçəkmiş F.Abbaszadə dindirilən zaman deyib ki, C.İbrahimovla kafedə zarafat edib, sonra aralarında mübahisə yaranıb. O, etiraf edib ki, aralarında mübahisə edərkən C.İbrahimovy yumuruqla vurub, sonra da söyüb: "Bundan sonra isə Cabir məni bıçaqla vurdu".

F.Abbaszadə heç bir şikayət və tələbinin olmadığını deyib.

Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edilib.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbətu prosesi noyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, C.İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.