BP 2019-cu ildə Abşeron yarımadasının dayazsulu hissəsində qazma işlərinə başlayacaq


İqtisadiyyat 15 Noy 2017 14:34:00 302 0

BP 2019-cu ildə Abşeron yarımadasının dayazsulu hissəsində qazma işlərinə başlayacaq

SOCAR-la müzakirələrin nəticəsi olaraq qazma işləri üçün dəqiq yerlər seçiləcək

Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda qazma işlərinə 2019-cu ildə başlanması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns jurnalistlərə bildirib: “Artıq qazma işləri aparılacaq sahələr seçilib, qiymətləndirilib. Hazırda SOCAR-la müzakirələr aparılır və müzakirələrin nəticəsi olaraq qazma işləri üçün dəqiq yerlər seçiləcək”.

Onun sözlərinə görə, gələn il qazma işləri üçün planlaşdırma aparılacaq, 2019-cu ildə isə qazma işlərinə başlanması nəzərdə tutulub.

Q.Couns xatırladıb ki, Abşeron yarımadasının dayasulu sahəsində potensial perspektiv strukturlar üzrə müqavilədə BP və SOCAR hər biri 50%-lə iştirak edir: "SOCAR-ın da, BP-nin də ən yaxşı təcrübəsini birləşdirərək çalışacağıq ki, sürətlə irəliləyək. Ən əsası isə odur ki, qazma işlərinin nəticəsi uğurlu olsun”.

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Bu saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə 1 900 kv. km sahəni əhatə edir.