Xadimə təpikdən ölüb, yoxsa əməliyyatdan?


Digərləri 15 Noy 2017 14:12:00 287 0

Xadimə təpikdən ölüb, yoxsa əməliyyatdan?

Məktəblillər arasında düşən davanı ayırmaq istəyən zaman xəsarət alan xadimənin əməliyyat masasında ölməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisə 18 gün əvvəl baş verib. Əməliyyat olunan xanım bundan sonra uzun müddət yaxşı olub, gəzib. Ölüm səbəbi tamam başqadır.

Son.az xəbər verir ki, bu sözləri axar.az-a Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Vaqif Qocayev Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında düşən davanı ayırmaq istəyən zaman təpik zərbəsi alıb xəstəxanalıq olan və əməliyyat masasında öldüyü deyilən xadimə ilə bağlı danışarkən deyib.

Davanı ayırmaq istəyərkən xəsarət alan 45 yaşlı xadimə Sevda Nəzəriyevanı əməliyyat edən Vaqif Qocayev bildirib ki, xəstəxanaya gətirilərkən onun vəziyyəti ağır olub:

"Ciyər və dalaq nahiyəsindən xəsərətlər almışdı, dalağı cırılmışdı. Oktyabr ayının 27-də əməliyyat olundu və dalağı götürüldü. Özünü yaxşı hiss edirdi. 18 gün müddətinə xəstəxanada saxladıq. Qanı aşağı olduğu üçün müalicəsi davam edirdi. Xəstənin ölümünə səbəb tronbostaniya olub. Ölümü ürəyində yaranmış problemlə əlaqədar idi. Ürəkdə yaranmış problemə səbəb də ciyərin, dalağın zədələnməsi idi. Ancaq onun ölümünü bilavasitə aldığı xəsarətlərlə əlaqələndirmək olmaz. Bəli, o xəsarətləri almasaydı, ürəkdə problem yaranmazdı. Ancaq sırf ciyər və dalaqla əlaqəli ölüm olmayıb. Bizim apardığımız əməliyyatın da ürəyə aidiyyəti yoxdur. Biz qarında əməliyyat aparmışıq və dalağı götürmüşük".

Həkim bildirib ki, xəstənin gecə vaxtı ürəyindən ağrıları olub:

"Gecə ürəyindən ağrılar başlayıb. Kardioqrama ediblər. Tronbostaniya elə bir şeydir ki, onu müalicə etmək mümkün deyil, o tutdusa, öldürür. O tromb qopub gedib dayanıb ürəkdə və ürəyin fəaliyyətini dayandırıb. Bu hal hər an ola bilər - evdə də, küçədə də, yolda da anidən ölən insanlar olur".