Azərbaycanda ilk dəfə şüuraltı meditasiyanı əhatə edən "Thetahealing" seminarı keçirilib


Digərləri 15 Noy 2017 12:14:00 358 0

Azərbaycanda ilk dəfə şüuraltı meditasiyanı əhatə edən "Thetahealing" seminarı keçirilib

Bu gün Bakıda "tetaçı" Xavər Tağızadənin təqdimatında Azərbaycanda ilk dəfə Şüuraltı Meditasiyanı əhatə edən "Thetahealing" seminarı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, seminarda Türkiyədən və Rusiyadan dəvət edilmiş "Thetahealing" mütəxəssisləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminar zamanı X.Tağızadə tetanın insan həyatında rolu, teta terapiya, tetanın tədrisi və tətbiqi haqqında söz açıb.

O bildirib ki, "thetahealing" (şüuraltı meditasiya) elmi və texnologiyası 1995-ci ildə Amerikada yaradılıb və dünyanın 15-dən artıq ölkəsində tətbiq edilir:

"Theta insan beyninin 5 dalğasından biri, healing isə şəfa deməkdir. Məhz bu dalğa sayəsində insan beyni inanılmaz gücə malik olur. Həmin güc vasitəsilə qarşıya çıxan problemlərdən asanlıqla qurtulmaq, hətta ağır xəstəliklərə belə güc gəlmək olur".

X.Tağızadə qeyd edib ki, teta Azərbaycanda tamamilə yeni bir istiqamətdir. O qeyd edib ki, Azərbaycanda tetanı bilən yox idi: "Yaxın bir dostum mənə bunu öyrətdi və bildirdi ki, bunu Azərbaycanda da tətbiq edə bilərsiniz. Teta ilə daha yaxından maraqlanmağa başladım. Sonra Türkiyədə teta kurslarına qatıldım və tetanı daha dərindən öyrəndim. Hazırda teta terapiyaları həyata keçiririk və tələbələrimiz var. Bu sahəyə maraq getdikcə artır".