Nazir: "Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə azalma olacaq"


Digərləri 15 Noy 2017 11:36:54 165 0

Nazir: "Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə azalma olacaq"

"2018-ci ildə əmək pensiyaları üzrə xərclər 3 milyard 407 milyon manat proqnozlaşdırılır"

“Dövlət Sosial Müdafiə Fondunun 2018-ci ildə büdcəsinin xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılıb. Bu da cari ilin müvafiq göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər fondun bütün xərclərinin 97,7 faizini təşkil edəcək və 3 milyard 495 milyon manat olacaq. Xərclərdəki dəyişikliklər əmək pensiyaları üzrə 193,2 milyon manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 milyon manat azalma və digər xərclər üçün 1,9 milyon manat olacaq”.

“Report”un xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O azalmanın səbəbini də izah edib: “Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə azalma onunla bağlıdır ki, növbəti ildən “İşsizlikdən sığorta haqqında” qanun fəaliyyətə başlayacaq. İndiyənə qədər fondun vəsaitləri hesabına ödənilən işsizlik müavinətləri artıq fondun büdcəsindən çıxarılıb. Həmin vəsaitlər işsizlikdən sığorta fondunun vəsaitləri hesabına ödəniləcək. Məhz bu azalma bununla bağlıdır”.

Nazir qeyd edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər 3 milyard 407 milyon manat proqnozlaşdırılır.

S.Müslümov qeyd edib ki, yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 8 faiz artıb, inflyasiya 13.9 faiz olub, orta əmək haqqı 7,5 faiz artıb.