Birinci vitseprezident Mehriban Əliyeva Parisdə Bakının "Expo 2025" Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil edilən qəbulda iştirak edib FOTO


Digərləri 15 Noy 2017 07:29:00 291 0

Birinci vitseprezident Mehriban Əliyeva Parisdə Bakının "Expo 2025" Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil edilən qəbulda iştirak edib  FOTO

Noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul təşkil edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Azərbaycanı "Qafqazın mirvarisi" adlandıran tədbirin aparıcısı ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu dedi. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu tədbirdə iştirak etməsindən şərəf hissi duyduğunu bildirdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış etdi.

Sonra Azərbaycan haqqında videoçarx nümayiş olundu.

Qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə malik Azərbaycan bu gün sürətlə inkişaf edən ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın paytaxtı Bakının "Expo 2025" Ümumdünya Sərgisinə namizəd şəhər olması da təsadüfi deyil.

Bu gün Azərbaycan dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Bununla yanaşı, ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu tədbirlərdə Azərbaycan layiqincə təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Bakının "Expo 2025" Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə keçirilən qəbulda Azərbaycan və dünya bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları səsləndirildi.