Nigeriyada yaşayan yeganə azərbaycanlı xanım: "Rəqs edəedə kralın evinə getdik" FOTO


Digərləri 15 Noy 2017 00:45:00 392 0

Nigeriyada yaşayan yeganə azərbaycanlı xanım: "Rəqs edəedə kralın evinə getdik"  FOTO

Son.az publika.az-a istinadən Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bernardla müsahibəni təqdim edir.

- Billurə xanım həyat yoldaşınız fransızdır?

- Bəli.

- Harda tanış olmusunuz?

- Neft şirkətində çalışır. 2006-cı ildə Bakıya ezam olunmuşdu. Mən də ali təhsil alırdım. Elə həmin il tanış olduq.

- Çox cəsarətli xanımsınız. Başqa millətdən olan şəxslə ailə qurmaq, onun milli adət-ənənələrini qəbul etmək böyük əmək tələb edir.

- Lahıc qəsəbəsində böyümüşəm. Məktəbi orada bitirib, ali məktəbdə oxumaq üçün Bakıya köçmüşəm. Valideynlərim bizə həmişə azad olmağı öyrədiblər. Kişi qadın bərabərliyini aşılayıblar. Mən saxta mental qanunlara qarşı çıxmışam hər zaman. Belə deyək, feministəm. Onu rayonumuza gətirib, valideynlərimlə tanış edəndə hər iki tərəf məmnun qaldı. Doğrudur ətrafdakıların dedi-qodusunun əsas mövzusuna çevrildik. Bəziləri hətta onu "Müsyö Jordan" adlandırırdılar (gülür). Amma atam mənə belə bir söz dedi: Bu sənin həyatındır, sənə necə xoş olacaqsa, elə də yaşa. Heç kimin sözünə məhəl qoyma, özün qərar ver.

- Bəs nə vaxt ailə qurdunuz?

- 2011-ci ildə.

- 2006-cı ildə tanış olub, 2011-ci ildə evlənmisiniz. Bu müddət ərzində bir-birinizi tanımaq üçün kifayət qədər zamanınız olub.

- Bu illər ərzində o, Qazaxıstanda işləməyə getdi. Mən magistr təhsili almaq üçün İsveçin Lund Universitetində oxumağa yollandım. Yəni uzaq məsafələrə rəğmən, əlaqəni itirmədik. 2011-ci ildə nəhayət ailə qurduq. 2012-ci ildə isə Fransaya köçdük.

- Fransızla ailə quran bir tanış xanım belə bir əhvalat danışmışdı. Bu xanımın övladı dünyaya gələndə anası Azərbaycadan Fransaya qızının yanına gedir. Yeni doğulan körpə yuxuda tez-tez diksindiyi üçün nənə döşəyinin altına inancımıza görə balaca qayçı və bir parça çörək qoyur. Səhər körpənin atası bunu görüb, evdə qalmaqal salır. Sənin anan mənim övladımı öldürmək istəyir, deyir. Ümumiyyətlə bu kimi hallar çoxdur. Bəs siz necə uyğunlaşdınız fransızla birgə həyata?

- Səmimi deyim, din, mədəniyyət fərqi problemi yaşamadım. Yeganə çətinliyim dil bilməməyim oldu. İlk aylar yoldaşımın ailəsi və qonşularla ingilis dilində ünsiyyət qururdum. Ancaq bir neçə aydan sonra fransız dilini öyrəndim və onlara yavaş-yavaş öz milli adət-ənənələrimizi aşılamağa başladım. Novruz bayramında şirniyyatlarımızdan bişirib, balaca xonçalar hazırlayırdım. Xoş arzulardan ibarət balaca qeydlərlə birgə qonşuların qapılarının yanına qoyurdum. Bu fransızlarda o qədər xoş təəssürat oyadırdı ki, qısa zamanda bir ailənin üzvləri qədər doğmalaşdıq. Unutmadan deyim ki, ən böyük çətinliyim ailəm, vətənim üçün darıxmağım idi.

- Bəs Nigeriyaya necə köçdünüz?

- Həyat yoldaşımın çalışdığı şirkət öz mütəxəssislərini davamlı neft ölkələrinə böyük layihələr üzərində çalışmağa göndərir. 1 il Fransada yaşayandan sonra yoldaşıma dedilər ki, şirkətin böyük bir layihəsini gerçəkləşdirmək üçün Nigeriyaya köçməlidir.

- İlk reaksiyanız necə oldu?

- Bu hər ikimiz üçün sürpriz oldu. Fransada da çox qaradərili var. Lakin sırf Afrika ölkəsində yaşamaq heç vaxt ağlıma gəlməzdi. Budur, artıq 4 ildir Nigeriyadayıq.

- Billurə xanım, Afrika ölkələrinin adını eşidəndə insanların təsəvvüründə sivilizasiyadan kənar, aclıqdan bir-birinin ətini yeyən, qəribə adətləri olan vəhşi qəbilələr canlanır...

- (Gülür) Bilirsiniz, hazırda inkişaf etmiş ölkələrin mediası inkişaf etməkdə olan dövlətlərin pozitiv, üstün cəhətlərini göstərmək istəmirlər. Yoldaşım məndən bir neçə ay öncə köçdü bura. Mənsə çox narahat idim. Supermarketlərə gedib, mənə ərzaqların fotoşəkillərini göndərirdi. Yenə inanmırdım ona, elə bildim ki, internetdən tapıb yollayır bu fotoları. Ona görə, gələndə çemodanlarımı salfetdən tutmuş, ən bəsit əşyalaradək hər şeylə doldurmuşdum. Lakin tam əksinin şahidi oldum. Nigeriya sürətlə inkişaf edən ölkədir. Əhalisi 180 milyon nəfərdir. Elə təkcə biz yaşadığımız Laqos şəhərinin qeyri-rəsmi 25 milyon əhalisi var. Ekvatora yaxın olduğu üçün iqlim də fərqlidir. Bəzən davamlı yağışlar, bəzənsə quraqlıq olur. Nigeriya uzun müddət İngiltərənin müstəmləkəsi olduğuna görə, rəsmi dövlət dili ingiliscədir. Əyləncə məkanları, restoranlar, böyük ticarət mərkəzləri, qısaca maraqlı həyat üçün hər şey var.

- Xaricilər çoxdur orda?

- Bildiyiniz kimi, Nigeriya neft ölkəsidir. Müxtəlif neft şirkətlərində fəaliyyət göstərən əcnəbilər çoxdur burada.

- Bəs insanları necədir?

- Burada insanlar iki təbəqəyə bölünürlər: varlı və kasıb. Təbii ki, onların həyat tərzi də kəskin şəkildə fərqlənir. Kasıb nigeriyalılar olduqca mehribandırlar. Onların çöhrəsində daim təbəssüm var. Ümumiyyətlə səmimi xalqdır.

- Yəni Nigeriya tam təhlükəsiz ölkədir?

- Təəssüf ki, xeyr. Ölkənin şimalında "Boko Haram" terror qruplaşması var. Bu ərazilər ölkə tərəfindən də nəzarətsiz buraxılıb. Lakin bu o demək deyil ki, ölkədə terror baş alıb gedir. Məsələn, biz yaşadığımız Laqos şəhəri olduqca sakit şəhərdir. Hər həftə müxtəlif sərgilər, festivallar təşkil olunur. Kinoteatrlar, mədəniyyət mərkəzləri daim fəaliyyətdədirlər.

- Bu festivallarda siz də iştirak edirsiniz...

- Bəli, ölkədə yaşayan yeganə azərbaycanlı kimi həm ölkəmizin mədəniyyətini Afrikada tanıtmaq, həm də Afrikanın pozitiv yönlərini dünyaya çatdırmaq qərarına gəldim.

- Təəssüf ki, bizimkilər bir neçə il xarici ölkədə yaşayandan sonra köklərindən uzaqlaşırlar. Lakin sizdə tam əksini müşahidə etdim.


Xəbərə aid fotolar