Rusiya trolları Brexitə də müdaxilə ediblər


Digərləri 14 Noy 2017 21:40:00 272 0

Rusiya trolları Brexitə də müdaxilə ediblər

"The Independent" yazır ki, Britaniyada Avropa referendumunun keçirildiyi gün britaniyalıların aldığı minlərlə brexit-yönlü tvit Rusiyanın "trol fabrikindən" göndərilibmiş.

Məqalədə deyilir ki, ABŞ-da da 2016-cı ilin seçki günündə amerikalılara gələn minlərlə trumppərəst tvit elə bu təşkilatda hazırlanmışdı.

Tvitlər ingilis dilində elə tərtib olunmuşdu ki, onların sanki Britaniya və Avropa İttifaqındakı adi istifadəçilər tərəfindən yazıldığını düşünmək olardı. Bu tvitlərin #EUref, #BrexitInOut, #BritainInOut və #BrexitOrNot kimi heşteqləri vardı və onlar seçiciləri Avropa İttifaqından çıxışa təhrik edirdi.

Məqalədə deyilir ki, bu tvitlərin Sankt Peterburqdakı İnternet Araşdırmaları Mərkəzində yazıldığına inanılır. Bu müəssisənin el arasındakı adı "troll fabrikidir". ABŞ-da prezident seçkisi zamanı məhz bu mərkəzdən minlərlə "saxta xəbərlərin" göndərildiyinə dair sübutlar var.

Bəzi məlumatlara görə, Brexit-i dəstəkləyən minlərlə tvit ABŞ Konqresi Kəşfiyyat Komitəsinə təqdim edilmiş 2700 tvitin arasındadır. Bu komitə Trump-ın seçki kampaniyası ilə Kreml arasında mümkün sövdələşəməni araşdırır.

Bir çox tvitlər Avropanın tərkibində qalmağı dəstəkləyən "Remain" kampaniyasının xəbərdarlıqlarını lağa qoyurdu. Kampaniyaçılar xəbərdarlıq edirdilər ki, Britaniyanın Aİ-dən çıxması iqtisadi qeyri-müəyyənlik və potensial resessiyaya səbəb ola bilər. Lağlağı meme-lərdən birində isə deyilirdi: "Əgər Brexit-ə səs versəniz, səhər avtomobiliniz işə düşməyəcək".