“Azərbaycanda qurd xəstəlikləri çox geniş yayılıb”


Digərləri 14 Noy 2017 21:15:00 263 0

“Azərbaycanda qurd xəstəlikləri çox geniş yayılıb”

Səhiyyə naziri Oqtay Şirəliyev "Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə" əmr imzalayıb. Sənəd "Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya"ya uyğun olaraq, Ümumdünya SəhiyyəTəşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb. Əmrə əsasən, 15 oktyabr-15 noyabr 2017-ci il tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

Son.az modern.az-a istinadən bildirir qurd xəstəliklərilə bağlı yaranmış suallarla pediatr Vaqif Qarayevə müraciət edib. Həmin müsahibəni təqdim edirik:

- Doktor, valideynin hansı halda övladında qurd olduğuna dair şübhələri əsaslı ola bilər?

- Uşaq iştahsızdırsa, yuxusu pisdirsə, narahat yatırsa, qarnında, əsasən də göbəyinin ətrafında vaxtaşırı sancılar olursa, səbəbsiz səpkilər, qaşınmalar yaranıbsa, xüsusilə axşam saatlarında tam sakit vaxtında yanını qaşıyırsa, xüsusilə qız uşaqlarında həddindən çox sidiyə getmələr varsa, qurddan şübəhələnmək olar. Qurd olan uşaqların rəngi əsasən solğun olur, el dilində desək "yediyi canına yatmır". Eyni zamanda, qurd olan uşaqlar yatarkən ağzından su gəlir, yaxud ağız ətrafında ağ yapışıq olur, dişlərini qıcıyır, dırnaqlarını yeyir, oynaqlarında ağrı yaranır, tez yorulur, məktəb yaşlı uşaqlarda diqqətsizlik müşahidə edilir. Sadaladıqlarım bir neçə qurdun tez-tez rast gəlinən əlamətlərdir və bunu müşahidə edən valideyn mütləq həkimə müraciət etməlidir.

- Əminliklə demək olarmı ki, bu əlamətlər olan uşaqlarda mütləq qurd var?

- Əlbəttə yox. Bu istiqamətdəki əlamətləri əsas götürüb mütləq şəkildə qurd var demək düzgün deyil. Məsələn, dişlərin qıcanması təkcə qurd əlaməti deyil, əsəblə bağlı da ola bilər. Yaxud uşağın süd dişlərini tökməsindən sonra çıxan dişlərin əyri olması ilə də bağlı ola bilər. Çünki diş damaqlarda düzgün oturmayanda uşaqda qıcıq yaranır. Ağızdan su gəlirsə də, burda yalnız qurd axtarmaq doğru olmaz. Bəlkə uşağın mədə-bağırsağında müəyyən problem var. Ona görə də diaqnozu yalnız həkim qoya bilər. Kiçik yaşlı və əsəbi uşaqlar dırnaqlarını, barmağını yeyir. Bu zərərli vərdiş də ola bilər.   - Həkimlərə müraciət zamanı bir neçə növ müayinə metodları tətbiq edilir: nəcisin analizi, qanın analizi. Bununla yanaşı, bütün növ qurdları təyin etdiyi iddia olunan müasir aparat... Bu metodlardan hansı daha etibarlıdır?   - Həkim nəcisdə qurdun yumurtasını axtarır. Mikroskopun altında həmin qurdun hansı növə aid olduğunu təyin edir. Amma qurdun inkişafının etapları var. Əgər valideyn, qurd yumurta qoyan etapda nəcis analizi veribsə, həkim orada heç nə tapa bilməyəcək. Valideynlərin ən çox rast gəlinən şikayəti budur ki, qurdu gözümlə görsəm də, nəcis analizində çıxmayıb. Bir məsələ var ki, gözlə gördüyün şeyi yoxlatmağın mənası yoxdur. Sadəcə valideyn gördüyü qurdun hansı növə aid olduğunu müəyyən edə bilməz, sadəcə təsvir edə bilər. Qan analizi isə qanda antitelləri, yəni qurdun hansı növünün olmasını müəyyən etməyə kömək edir. Bu üsul daha informativdir. Burada prosesin kəskin yoxsa xroniki olmasını müəyyən edirik. O həkimə imkan verir ki, müalicə üsulunu müəyyən edə bilsin. Doğrudur, heç bir analiz vermədən qurdu müəyyən edən və müalicə üsulunu seçən bir aparat çıxıb. Guya aparat özü diaqnoz qoyur və diaqnoza uyğun da müalicə təyin edir. Mən deyərdim ki, valideynlər bu cür aparatlara inanmasınlar. Az qala hər gün valideynlərdən eşidirəm ki, "aparatda yoxlatdırdım heç nə çıxmadı", yaxud "çıxdı, müalicə etdirdim, xeyri də olmadı" və s.

- Son vaxtlar uşaqlarda daha çox hansı qurdlara rast gəlinir?

- Son vaxtlar lyambliya qurdu həddindən artıq çoxalıb. Əksər analizlərdə çıxır. Amma bir məsələni diqqətinizə çatdırım ki, qurdun xroniki forması analizdə çıxıb, amma kliniki əlamətləri yoxdursa, analizin cavabına görə müalicə yazmağın mənası yoxdur. Xroniki proses dedikdə, qurdun nə vaxtsa həmin orqanizmdə olduğu anlamına gəlir.

- Müalicə tətbiq edildikdən neçə müddət sonra effektiv nəticə əldə oluna bilər? Ümumiyyətlə, müalicə ilə qurdun tamamilə aradan qaldırılması mümkündürmü?