Bakıda türk filmləri həftəsi keçiriləcək (FOTO)


Digərləri 14 Noy 2017 20:03:00 240 0

Bakıda türk filmləri həftəsi keçiriləcək (FOTO)

Noyabrın 16-dan 20-dək Bakıda “3-cü Türk Filmləri Həftəsi” olacaq.

Bakı. Noyabrın 16-dan 20-dək Bakıda “3-cü Türk Filmləri Həftəsi” olacaq. Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir Türkiyənin “Yerli Düşüncə Dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino müdirliyi və səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə həyata keçiriləcək. Noyabrın 16-da Nizami Kino Mərkəzində “3-cü Türk Filmləri Həftəsi”nin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirin rəsmi hissəsində “Yerli Düşüncə Dərnəyi”nin rəhbəri Metin Gündoğdu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu, eləcə də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı gözlənilir. Daha sonra türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya” filmi nümayiş olunacaq. Noyabrın 17-də isə Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan filmlər azərbaycanlı kinosevərlərə təqdim ediləcək. Yerli tamaçaşılar “Yeni dünya” filmi ilə yanaşı rejissor Bilal Babaoğlunun “Aşık”, rejissor Sinan Sertelin “Bir gün bir çoçuk”, rejissor Alper Çağların “Dağ-2” və rejissor Emre Konukun “Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər. Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan mədəniyyətlərarası əlaqələrini kino sənətinin gücü ilə daha da möhkəmləndirməkdir. “Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş şəkildə təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Türkiyədən Bakıya gələcək rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq.