Aİ Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesinin nazirlər iclasında təmsil olunacaq


Siyasət 14 Noy 2017 13:15:37 368 0

Aİ Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesinin nazirlər iclasında təmsil olunacaq

İclasda iştirak etmək üçün Avropa İttifaqının Əfqanıstandakı xüsusi elçisi Roland Kobia Bakıya gələcək

Avropa İttifaqı (Aİ) bu il noyabrın 30-dan dekabrın 1-dək Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlik iclasında təmsil olunacaq.

Bu barədə "Report"a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas məlumat verib.

Onun sözlərinə görə, iclasda iştirak etmək üçün Aİ-nin Əfqanıstandakı xüsusi elçisi Roland Kobia Bakıya gələcək.

Xatırladaq ki, R.Kobia daha əvvəl Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri olub.

Bakıdakı nazirlər toplantısının əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik və iqtisadi əlaqələr olacaq.

Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstan ilə birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə, həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstanın Prezidenti Məhəmməd Əşrəf Qəni də gələcək.