Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivləri müzakirə edilib


Digərləri 14 Noy 2017 11:45:00 211 0

Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Bu gün Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini – icra katibi Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bakı. Elçin Mehdiyev – Bu gün Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Ə.Əhmədov Azərbaycanla Çin, eləcə də, YAP ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək, münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. YAP sədrinin müavini Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın inkişafına zəmin yaratdığını qeyd edib. Bildirilib ki, üst-üstə düşən maraqlar ölkələr arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək. Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı iştirak ediblər.