Ən çox boş iş yeri olan təqdim edən


Digərləri 14 Noy 2017 11:32:00 210 0

Ən çox boş iş yeri olan təqdim edən

Dövlət qulluğuna qəbul üçün müsabiqəyə çıxarılması məqsədilə ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (504 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (113 vakant vəzifə) və Statistika Komitəsi (122 vakant vəzifə) tərəfindən təqdim olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunmuşdur. İnzibati rəhbər vəzifələr üzrə (A növü) 176, inzibati icraçı vəzifələr üzrə (B növü) 814 vakant vəzifə təqdim olunub.

V.Misirov qeyd edib ki, dövlət qulluğuna dair qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, artıq dövlət qulluğuna qəbul üçün müraciət edən şəxs Mərkəz tərəfindən ayda bir dəfədən az olmayaraq keçirilən test imtahanlarında iştirak edərək vəzifə altqrupları üzrə imtahandan qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamalı və inzibati vəzifə üzrə sertifikat əldə etməlidir. Sertifikat 5 il müddətinə qüvvədədir və şəxsə sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifələr üzrə, həmin vəzifələrin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən, vəzifə təlimatları ilə müəyyən edilən tələblərə uyğun olaraq keçirilən müsahibələrdə iştirak etmək hüququ verir.

V.Misirov əlavə edib ki, mərkəz tərəfindən noyabrın 18-də inzibati rəhbər (idarəetmə) vəzifələr olan AA, AB və AC, dekabrın 17-də inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək. Test imtahanlarına qeydiyyat noyabrın 7-dən başlanıb və AA, AB və AC vəzifə qrupları üzrə noyabrın 17-də, BA və BB vəzifə qrupları üzrə isə dekabrın 6-da başa çatacaq.