Şuşa Uşaq İncəsənət məktəbinin 85 illik yubileyi keçirilib (FOTO)


Digərləri 13 Noy 2017 20:52:00 244 0

Şuşa Uşaq İncəsənət məktəbinin 85 illik yubileyi keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyi keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Şuşa Şəhər İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, ilk olaraq Mərkəzin foyesində Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub. Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, ”Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Yaşar Əliyev, məktəbin məzunu, Əməkdar artist Anar Şuşalı və Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Mirkamil Ağamirov çıxış edərək tədris ocağının tarixindən, 85 illik fəaliyyətindən, yetirmələrinin qazandığı uğurlardan söhbət açıblar. Bədii hissədə xalq çalğı alətləri ansablının müşayiəti (konsertmeystr Zöhrə Axundova) rəhbərliyi ilə Emin Sabitoğlunun “Can Azərbaycan” mahnısını uşaq xor kollektivi ifa edib. Əməkdar artist Anar Şuşalı “Vətənimdir”, məktəbin tələbələri Fatimə Ağazadə “Turacı”, Emin Məmmədli “Gözəl Şuşam”, Gümanə Mərdiyeva, Elbrus Abbasov, Arzu Məmmədova “Qarabağ şikəstəsi” ni səsləndiriblər. Tədbirdə “Yallı” rəqsini, beynəlxalq və respublika müsabiqələrinin laureatı məktəbin “Təbəssüm” rəqs qurupu nümayiş etdirib. İfalar alqışla qarşılanıb.