İsveçin nümayəndə heyəti Azercell-in nailiyyətlərini yüksək qiymətləndirib (FOTO)


Digərləri 13 Noy 2017 18:56:00 250 0

İsveçin nümayəndə heyəti Azercell-in nailiyyətlərini yüksək qiymətləndirib (FOTO)

İsveçin Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi Azercell Telekom-a baş çəkib.

Bakı. İsveçin Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi Oskar Stenströmun başçılıq etdiyi nümayəndə heyəti 2017-ci il noyabrın 8-də ölkənin aparıcı mobil rabitə təminatçısı Azercell Telekom-a baş çəkib. Azercell-dən Trend-ə verilən məlumata görə, bu səfər İsveçin Azərbaycanda ən böyük investisiyası sayılan Azercell şirkətinin biznes və inkişaf perspektivlərini daha yaxından tanımaq məqsədilə həyata keçirilib. Dövlət katibi Oskar Stenström və İsveçin Azərbaycandakı səfiri Ingrid Tersman Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyevin başçılıq etdiyi Azercell rəhbərliyi ilə görüş keçiriblər. Azercell-in prezidenti Vahid Mürsəliyev rəsmi nümayəndə heyətinə bu səfərə görə minnətdarlığını bildirib, Azercell və onun əsas investoru olan Telia şirkəti arasında uzun illər ərzində formalaşmış güclü işgüzar əlaqələrin və təcrübə mübadiləsinin şirkətin davamlı inkişafına əhəmiyyətli dərəcədə töhfə verdiyini vurğulayıb. İsveç telekommunikasiya lideri və Azercell-in əsas investoru Telia şirkəti bu görüşdə şirkətin Prezidenti yanında Baş Məsləhətçisi Kjell Lindstrom tərəfindən təmsil olunub. Nümayəndə heyətinə Azercell-in tarixi, ümumi biznes fəaliyyəti, ölkənin telekommunikasiya sektoruna yatırılmış investisiyalar, şirkətin Azərbaycan bazarına təqdim etdiyi yeniliklər, eləcə də sənayenin ən son tendensiyalarına uyğun gələcək planlar barədə məlumat verilib. Müzakirələr zamanı həmçinin Azercell-in Məsuliyyətli İşgüzar Davranış, Etika və Uyğunluq, Dayanıqlıq və Korporativ Sosial Məsuliyyət sahələrinə verdiyi töhfə və innovativ texnologiyalar, sahibkarlıq və insan resursları sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibiOskar Stenström Azercell rəhbərliyinə xoş qarşılanmaya görə təşəkkür edib və qeyd edib ki, Azercell gələcəyin ən perspektivli və tələb olunan sahəsi sayılan telekommunikasiya sektorunda inkişaf edən nümunəvi şirkət kimi özünü uğurla nümayiş etdirir və qlobal iqtisadiyyatın əsas resurslarından biri olan mobil internet xidmətlərini istifadəçilər üçün mümkün edir.