İşçilərin 100 min manata yaxın gecikdirilmiş maaşı qaytarıldı


Digərləri 13 Noy 2017 18:24:00 288 0

İşçilərin 100 min manata yaxın gecikdirilmiş maaşı qaytarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər bir vətəndaş müraciəti diqqətlə və obyektiv şəkildə araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi, o cümlədən əmək haqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması üçün aidiyyəti işlər görülür.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, xidmətin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində yanvar-oktyabr aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 96 360 manat məbləğində vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 93,2 faizi gecikdirilmiş əmək haqlarından, 4,1 faizi işəgötürənlərin ödəməli olduqları sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Yanvar-oktyabr aylarında Xidmətə daxil olan müraciətlərin araşdırılması zamanı ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad olunduqları aşkar edilib və onlar yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.

Sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlərə bu ödənişlərin vaxtlı-vaxtında ödənilməsi ilə əlaqədar qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. Həmçinin cari ilin 10 ayında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyində əksini tapan normalar, əməyin mühafizəsi ilə bağlı standartlar barədə məlumatlandırma işləri, əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də davam etdirilib.