Batut gimnastikası üzrə dünya çempionatında qadın cütlüyümüz ilkə imza atıb


Digərləri 13 Noy 2017 14:58:56 274 0

Batut gimnastikası üzrə dünya çempionatında qadın cütlüyümüz ilkə imza atıb

Ötən həftəsonu Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası üzrə dünya çempionatı (9-12 noyabr) öz işinə yekun vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, 34 ölkədən iştirakçıların qatıldığı çempionatda Azərbaycan təmsilçiləri Svetlana Makştaryova, Veronika Zemlyanaya, Oleq Piunov, İlya Qrişunin və Ruslan Ağamirov da yer alıblar.

Ölkəmizdə 2013-cü ildən inkişaf etdirilən bu idman növü üzrə gimnastlarımız artıq 4-cü dəfədir ki dünya çempionatında öz güclərini sınayıblar. Ən yaxşıların qatıldığı mübarizədə fərqlənmək hər nə qədər çətin olsa da, Svetlana və Veronikadan ibarət qadın cütlüyümüz sinxron proqramda ilkə imza ataraq finala qədər yüksəlməyi bacarıblar. Qızlarımız həlledici mərhələdə yarışları 7-ci yerdə başa vurublar. Svetlana, həmçinin fərdi proqram üzrə də 60 ölkənin iştirakçısı arasından yarımfinala yüksəlib və bu mərhələdə 17-ci yerlə kifayətlənib.

Bu turnir ölkəmiz üçün daha bir hadisə ilə əlamətdar olub. Belə ki, məhz batut gimnastikası üzrə dünya çempionatında ilk dəfə olaraq Azərbaycan təmsilçisi Kamil Quliyev yarışlarda hakimlik edib.