Deputat: "Qaçqın və məcburi köçkünlərə ayrılan vəsait artırılmalıdır"


İqtisadiyyat 13 Noy 2017 13:16:00 353 0

Deputat: "Qaçqın və məcburi köçkünlərə ayrılan vəsait artırılmalıdır"

Deputat həmçinin uşaqlar üçün müavinətlərin artırılmasının vacibliyini də vurğulayıb

"Azərbaycanda qəzalı evlərdə yaşayan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsait artırılmalıdır".

"Report"un verdiyi xəbərə görə, bu təkliflə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin 5 komitəsinin birgə iclasında 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, hazırda ölkədə 4,6 min qaçqın və məcburi köçkün ailə qəzalı evlərdə yaşayır: "2018-ci ilin büdcə layihəsində onlar üçün 200 mln. manat Dövlət Neft Fondundan vəsait ayrılması nəzərdə tutulub. Həmçinin 42 mln. manat da xarici kreditlər hesabına ayrılacaq. Həmin xarici krediti kim götürəcək, bu, necə görüləcək? Bu barədə məlumat verilməldir. Yeni idman obyektlərinin tikintisi və qalanlarında tikintinin tamamlanması üçün gələn ilin büdcəsində 244 mln. manat vəsait ayrılması nəzərdə tutulub. Bu idman obyektlərinin tikintisi hökumət üçün prioritet olmamalıdır. Prioritet 25 ildən artıq bir müddətdə dözülməz şəraitdə yaşayanlar üçün şərait yaratmaq olmaldır. "

Deputat həmçinin uşaqlar üçün müavinətlərin artırılmasının vacibliyini də vurğulayıb: "Avropa ölkələrində dövlət hər ay uşağa 100 avro pul verir. Heç olmasa. işsiz valideynlərin uşaqlarına müavinətlər artırılmalıdır. Hazırda ölkədə bir uşaq doğumu min manata başa gəlir. Heç olmasa, onlar üçün birdəfəlik müavinət ayrılmasını nəzərə almalıyıq".