“Bir axşam taksidən düşüb payıza...”


Kriminal 13 Noy 2017 13:09:00 328 0

“Bir axşam taksidən düşüb payıza...”

Görkəmli bəstəkar, xalq artisti Emin Sabitoğlu ilə bizi 17 illik zaman məsafəsi ayırır. Yaşasaydı, bu il ömrünün 80-ci payızı tamam olacaqdı... Amma biz bu yubileyi qeyd edirik. Özü aramızda olmasa da...

Son.az xəbər verir ki, AZƏRTAC-ın müxbiri Emin Sabitoğlu yaradıcılığına üz tutub. Qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini müəllimi, professor Ceyran Mahmudova ilə birlikdə...

- "Bir axşam taksidən düşüb payıza..." Onun mahnılarında payız ovqatı hiss olunur...

- Əlbəttə, payız Emin müəllimin sevdiyi fəsil idi. Payızda doğulub, payızda dünyasını dəyişib. "Gün keçdi" filmində səslənən mahnını yazanda, təbii ki, həmin mahnının bir növ onun həyat leytmotivinə çevriləcəyi özünün də ağlına gəlməzdi. Görünür, təsadüflər zərurətdən, zərurətlər təsadüfdən doğulur. Ancaq doğrudan da payız fəslinin onun yaradıcılığında özünəməxsus yeri var.

- Sizcə, bu gün onun bəstələrinin yerini dolduran musiqilər varmı?

- Belə bir deyim var ki, əvəzolunmaz insan yoxdur, əvəzi olmayan insan var. Azərbaycan bəstəkarlıq məktəbi dahi Üzeyir Hacıbəyli ənənələrinə söykənir. Həmin məktəbin klassik ənənələrindən bəhrələnən böyük musiqiçilər nəsli yetişib və musiqi xəzinəmizə qiymətli əsərlər bəxş ediblər. Bu mənada müqayisə aparmaq düzgün deyil, çünki çəməndə hər çiçəyin əz ətri olduğu kimi, onların da hər birinin öz yeri var. Bir çiçək digərinin ətrini verə bilərmi? Kimi klassik musiqiyə, kimi opera, kimi estrada musiqisinə üstünlük verir. Janrlar və zövqlər müxtəlifdir. Emin Sabitoğlu bəstəkar kimi müxtəlif musiqi janrlarında əsərlər yazıb və hamı da görür ki, həmin əsərlərin ömrünü zaman müəyyən edib. İndi yeni nəsil həmin janrlara yeni şəraitə və öz zövqünə, istedad və bacarığına uyğun şəkildə yanaşır. Lakin necə yanaşır, necə işləyir, bunu əlbəttə ki, yenə də zaman göstərəcək.

Məsələn, sovet dövründə çoxlu filmlər çəkilir və həmin filmlərə musiqilər yazılırdı. Ona görə də həmin dövrdə kino musiqisi yazmaq üçün bəstəkarlara daha geniş imkanlar var idi. İndi çəkilən filmlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. İndi zaman da, dövr də, musiqiyə qoyulan tələblər də dəyişib. Ümumiyyətlə, ötən əsrin 50-ci illərdən 80-ci illərin ortalarınadək Azərbaycan incəsənətinin "qızıl dövrü" hesab etmək olar. 80-ci illərin axırları 90-cı illərin əvvəllərində xalqımızın başına gələn hadisələr Azərbaycan incəsənətinə, musiqisinə öz təsirini göstərdi. İndi şükürlər olsun ki, bu gün ölkə rəhbərliyi tərəfindən incəsənətə yüksək qiymət verilir. Bəlkə də dünyanın heç bir ölkəsində mədəniyyət və incəsənət xadimləri bu qədər diqqət və qayğı ilə əhatə olunmayıblar. Ölkəmizdə incəsənət xadimlərinə təqaüd verilir, mənzil şəraiti yaxşılaşdırılır, festivallar keçirilir. Ona görə də həmin böhranlı dövrdən sonra bəstəkarlıq ənənələri yenidən dirçəlməyə başlayıb. Yeni nəsil gənc bəstəkarlar yetişir, onların arasında Avropa və Amerikada musiqi təhsili alanlar var. Ümid etmək olar ki, onlar bəstəkarlıq məktəbində davam edən varislik ənənələrini qoruyub saxlayacaq və inkişaf etdirəcəklər. Bu gün kinofilmdən daha çox teleseriala tələbat var. Eynən kinoda olduğu kimi, musiqinin də bəzi janrları var ki, onlara tələbat çoxdur. Təəssüf ki, indi qeyri-peşəkarların sayı da artıb, təhsili olmayan, ancaq bu sahədə "peyda olan" və özlərini bəstəkar adlandıranlar var. Bəstəkarlıq bir-iki mahnı qurub-qoşmaqla olan iş deyil axı? Bunlar, əlbəttə ki, narahatlıq doğurur.

- Siz özünüz peşəkar musiqiçi kimi Emin Sabitoğlunun Azərbaycan musiqisində yerini necə görürsünüz?

- Emin Sabitoğlu nə az, nə çox, 22 tammetrajlı bədii filmə musiqi yazıb. Elə il olub ki, iki filmə musiqi yazıb. Kino musiqisi sahəsində də çox səmərəli işləyib, eyni zamanda, teatr tamaşalarına və 9 komediyaya musiqi bəstələyib. Şübhəsiz ki, kino, musiqili komediya və mahnı janrlarında onun rolu var. Bunlardan başqa o, musiqinin digər janrlarında da əsərlər yazıb. Simfoniyası, iki simfonik süitası, kantatası, romansları və digər əsərləri var.

- Bu gün də sevilə-sevilə dinlənilən musiqilərinin, mahnılarının yaranma prosesi yadınıza gəlirmi?

- Təbii, bizim bəstəkarlar evində ikiotaqlı mənzilimiz var idi. Ailədə üçümüz də musiqiçi idik. Anam musiqi müəllimi işləyirdi. Lap kiçik yaşlarımdan ən gözəl musiqiləri dinləmişəm. Emin Sabitoğlu nadir bəstəkarlardandır ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki təpədən-dırnağa melodiya ilə dolu idi. Onların eləsi olub ki, bir yarpağın titrəyişindən, bir quşun uçmasından, bir anın içində yaranıb. Mahnıları çox rahat bəstələyirdi. Fikri yalnız musiqi ilə məşğul idi. Çox vaxt yeni bəstələdiyi musiqinin notlarını siqaret qutusunun üstünə yazıb, sonra evdə həmin melodiyaları mahnılara, kino musiqilərinə, operettalara çevirirdi. Mahnı tam hazır olandan sonra evdə onu bizim üçün ifa edirdi. Yazdığı mahnının başqa hansısa mahnıya oxşaya biləcəyindən narahatlıq hissi keçirirdi. Həmin illərdə mahnı yaradıcılığı sahəsində fəaliyyət göstərən çoxlu istedadlı bəstəkarlar vardı. Heç kimə bənzəməmək onun üçün prinsipial məsələ idi. Mənə elə gəlir ki, o, buna nail olub.


Xəbərə aid fotolar