Ərəb mətbuatı: Bakı Şopinq Festivalı dünyanın müxtəlif ölkələrindən qonaqlar cəlb edir


Digərləri 13 Noy 2017 13:07:00 267 0

Ərəb mətbuatı: Bakı Şopinq Festivalı dünyanın müxtəlif ölkələrindən qonaqlar cəlb edir

Bakı Şopinq Festivalı dünyanın müxtəlif ölkələrindən qonaqlar cəlb edir.

Bakı. Bakı Şopinq Festivalı dünyanın müxtəlif ölkələrindən qonaqlar cəlb edir. Trend-in məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müstəqil nəşr edilən və geniş oxucu kütləsinə malik ərəb dilli gündəlik “Əl Fəcr” qəzetinin 12 noyabr tarixli sayında dərc olunmuş Bakıda keçirilən şopinq festivala həsr olunmuş məqalədə deyilir. Qeyd olunan tədbirdə iştirak etmiş qəzetin baş redaktoru Dr.Şərif Bassel məqaləsində Bakıda keçirilən ikinci şopinq festivalın dünyanın müxtəlif ölkələrindən turistlər, əcnəbi qonaqlar cəlb etdiyini diqqətə çatdırır. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə keçirilən festivalın əhəmiyyətindən danışan müəllif 15 oktyabr-15 noyabr 2017-ci il tarixləri arasında keçirilən festivalda bir sıra dünya brendlərinin böyük endirimlər etdiyini, hətta bəzi brendlərdə bu endirimlərin 80%-ə qədər təşkil etdiyini bildirir. Festivalın Xəzərin qoynunda yerləşən ecazkar Bakıya xüsusi maraq və diqqət ayırdığını, şəhərin füsunkarlığına, rəngarəngliyinə xüsusi çalarlıq gətirdiyini qeyd edən məqalə müəllifi festival çərçivəsində azərbaycanlı ailələrlə ərəb və dünyanın müxtəlif yerlərindən olan insanların qovuşduğunu və bunun da sözün əsl mənasında insanlar arasında bərabərlik və dialoq rəmzi olduğunu vurğulayır. Qeyd etmək lazımdır ki, festivalda iştirak edən baş redaktor tədbirin imkanlarından istifadə edərək bir sıra dünya markalarının rəsmilərindən aldığı müsahibələri məqaləsində işıqlandırıb. Müəllifin ətir, makiyaj, günəş eynəkləri, bəzək əşyaları kimi sahələrdə ixtisaslaşmış “Paris Gallery”nin icraçı direktoru Həsən Əhməd Qaddura ilə müsahibəsində Həsən Qaddura Paris Qallerinin 1983-cü ildə Şarjada təsis edildiyini, hal-hazırda BƏƏ-də 33 mağaza ilə fəaliyyət göstərdiyini diqqətə çatdırıb, Bakı filialının isə 2017-ci ilin may ayında açıldığını qeyd edib. Hazırkı festivalın qeyd edilən markanın tanıdılmasında mühüm rol oynadığını bildirən icraçı direktor, tədbirin o cümlədən Azərbaycana xarici investisiyanın cəlb olunmasına təkan verəcəyini vurğulayıb. Həsən Qaddura Paris Gallerinin festivalda ilk dəfə iştirak etdiyini, lakin buna baxmayaraq çoxsaylı müştəri cəlb etdiyini bildirib, mağazada endirimlərin 50%-ə qədər təşkil etdiyini və festivalın Azərbaycan iqtisadiyyatına yeni nəfəs verəcəyinə əminliyini də ifadə edib. Festivalda iştirak edən Armani, Sintex, İdeal və sair kimi brend və markaların təşkilatçıları və satıcıları ilə müsahibəsində məqalə müəllifi həmin şəxslərin də Bakı şopinq festivalla bağlı eyni fikirdə olduqlarını bildirir və festivalın yerli vətəndaşlarla yanaşı, əcnəbi turist və şəhər qonaqlarının da böyük marağına səbəb olduğunu qeyd edir. Müəllif Bakı şopinq festivalın böyük uğur və naliyyətlər əldə etdiyinə toxunaraq, festivalın həm ölkə iqtisadiyyatına müsbət təsir edəcəyini, eyni zamanda turist axınını təşviq edəcəyini bildirir. O, satıcıların festivalın turizm mövsümü zamanı həyata keçirilməsini, alıcıların isə əlavə dəyər vergisinin həmin gün qaytarılmasını arzuladıqlarını da məqaləsində diqqətə çatdırır. Sonda müəllif festivalın son illərdə ərəblər arasında ən populyar turistik istiqamətə çevrilmiş Azərbaycanın cəlbediciliyini şübhəsiz daha da artıracağını, bu istiqamətdə görülən məhsuldar tədbirlərin ölkədə turizmin inkişafına verilən diqqətin nəticəsi olduğunu da diqqətə çatdırır.