Pərviz Şahbazov: Azərbaycan-Aİ münasibətləri yeni mərhələnin ərəfəsindədir (FOTO)


Digərləri 11 Noy 2017 13:03:00 244 0

Pərviz Şahbazov: Azərbaycan-Aİ münasibətləri yeni mərhələnin ərəfəsindədir (FOTO)

Avropa İttifaqının Azərbaycandakı səfiri Energetika Nazirliyində olub

Bakı. Energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqının (Aİ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa malik Azərbaycan-Aİ əlaqələrinin müxtəlif proqramlar və layihələr çərçivəsində uğurla inkişaf etdiyini deyən P.Şahbazov münasibətlərin yeni mərhələnin ərəfəsində olduğunu qeyd edib. Bildirilib ki, enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun inkişafı, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Aİ ilə uğurlu nəticələrə nail olunub. Enerji təhlükəsizliyi və şaxələndirmə layihəsi olan “Cənub Qaz Dəhlizi”nin reallaşması isə nəinki Azərbaycanla Aİ, həm də böyük bir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsini təmin edəcək. K.Yankauskas layihənin Aİ-nin yeni enerji təchizat mənbələrinin və nəql infrastrukturlarının diversifikasiyası siyasətinin tərkib hissəsi olduğunu, qurumun dəstəyi və Azərbaycanın liderliyi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşacağına əminliyini ifadə edib. Görüşdə Azərbaycanla Aİ arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı görülən tədbirlər, "Şərq tərəfdaşlığı" proqramı, eləcə də energetika sahəsində regional əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.