Fərhad Abdullayev: "Konstitusiya Məhkəməsinin Plenumu indiyə qədər 363 qərar və 90 qərardad qəbul edib"


Siyasət 11 Noy 2017 09:39:46 350 0

Fərhad Abdullayev: "Konstitusiya Məhkəməsinin Plenumu indiyə qədər 363 qərar və 90 qərardad qəbul edib"

"Həmin qərarların böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub"

"Konstitusiya Məhkəməsinin Plenumu fəaliyyət göstərdiyi illər ərzində ümumilikdə 363 qərar və 90 qərardad qəbul edib".

"Report" xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Onun sözlərinə görə, həmin qərarların böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub.

F.Abdullayev vurğulayıb ki, Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərarlarda konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb: "Qarşıdan gələn 2018-ci ildə Konstitusiya Məhkəməsi 20 illik yubileyini qeyd edəcək. Fəaliyyət göstərdiyi illər ərzində Konstitusiya Məhkəməsi Konstitusiyanın fundamental prinsiplərinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyəti ilə ali dövlət orqanları sırasında öz layiqli yerini tutmağa nail olub.

Məhkəmənin fəaliyyəti ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən demokratikləşmə və quruculuq prosesləri nəticəsində mümkün olub. Əminliklə deyə bilərik ki, Konstitusiya Məhkəməsi Azərbaycanda demokratik, hüquqi dövlətin ayrılmaz atributuna, Konstitusiyanın hüquqi müdafiəsi mexanizminin səmərəli elementinə çevrilib. Öz fəaliyyəti və qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyini təmin edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir, hüquq sisteminin inkişafına töhfələr verir. Bu isə bir daha göstərir ki, Konstitusiyanın aliliyinin təmin olunması hüquq və azadlıqların müdafiə edilməsi ilə ayrılmaz və sıx əlaqədədir".