SOCAR istiqrazları üzrə repo əməliyyatlarına start verilib


İqtisadiyyat 10 Noy 2017 15:47:25 295 0

SOCAR istiqrazları üzrə repo əməliyyatlarına start verilib

Bu istiqrazların sahibləri aşağı faizlərlə kredit götürə biləcəklər

Azərbaycanın qiymətli kağızlar bazarında ilk dəfə olaraq SOCAR istiqrazları ilə müntəzəm repo əməliyyatlarına başlanılıb.

SOCAR istiqrazlarının market-meykeri olan “PSG Kapital” şirkətindən “Report”a verilən məlumata görə, artıq SOCAR istiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər Bakı Fond Birjasında (BFB) istiqrazlar üzrə repo əməliyyatlarından istifadə edərək qısamüddətli kreditlər əldə edə bilərlər.

Adətən, repo əməliyyatlarının müddəti (yəni, bu əməliyyat çərçivəsində cəlb edilən vəsaitin qaytarılması müddəti) bir neçə gün davam edir. “PSG Kapital”dan verilən məlumata görə, SOCAR istiqrazları ilə repo əməliyyatları ilkin olaraq 3 və 7 günlük nəzərdə tutulub.

3 günlük repo əməliyyatları illik 3,5%-lə, 7 günlük əməliyyatlar isə illik 3,75%-lə aparılacaq. Başqa sözlə, istiqraz sahibləri repo əməliyyatlarından istifadə etməklə 3 və 7 günlük müddətlərdə illik 3,5-3,75%-lə qısa müddətli kreditlər ala (vəsaitlər cəlb edə) biləcəklər.

İlkin olaraq gündəlik 2 mln. dollarlıq repo “pəncərəsi” açılıb. Bu vəsaitin 1 mln. dolları 3 günlük, 1 mln. dollar isə 7 günlük əməliyyatlar üçün nəzərdə tutulub.

“Amma müştərilərin tələbatından asılı olaraq həm repo üçün vəsaitlərin həcmi, həm də repo əməliyyatının müddəti dəyişə və bir ayadək uzadıla bilər", - deyə “PSG Kapital”dan bildirilib.

"Digər mühüm məqam, repo əməliyyatları vasitəsilə istiqraz sahiblərinin cəlb edə biləcəyi vəsaitin həcmi ilə bağlıdır. Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə repo məbləğləri fərqlənir. SOCAR istiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə “hair cut” (təminat əmsalı) cəmi 5% təşkil edir. Yəni, istiqraz sahibləri repo əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95%-i həcmində vəsait cəlb edə biləcəklər. Xatırladaq ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarındakı digər korporativ istiqrazlarda “hair cut” 40% təşkil edir, başqa sözlə, həmin istiqrazların sahibləri repo əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların nominal qiymətinin cəmi 60%-i qədər vəsait cəlb edə bilərlər".

Repo əməliyyatlarının istiqraz sahibləri üçün digər üstünlüyü vəsaitlərin olduqca aşağı faizlə cəlb edilməsidir. Belə ki, illik 5% gəlirliyə malik olan SOCAR istiqrazlarının sahibləri vəsaitləri daha aşağı faizlərlə cəlb edə biləcək, bununla da onların qazancları heç bir halda azalmayacaq.

“PSG Kapital”dan bildirilib ki, repo əməliyyatları xüsusilə ani likvidliyə ehtiyac yaranan hüquqi şəxslər, bank və sığorta şirkətləri üçün faydalı olacaq: “SOCAR istiqrazları ilə repo əməliyyatlarının başlanması likvidliyin təminatına dəstəklə yanaşı, ümumilikdə qiymətli kağızlar sektoruna inamı yüksəldəcək. SOCAR istiqrazları ilə repo əməliyyatlarının başlanması Azərbaycanın qiymətli kağızlar bazarı və qiymətli kağızların sahibləri, ümumilikdə ölkə iqtisadiyyatı üçün mühüm yenilikdir. Bu əməliyyat vəsitəsilə istiqraz sahibləri digər mənbələrə ehtiyac olmadan özlərinin likvid vəsaitlərə olan tələbatlarını ödəyəcəklər. Başqa sözlə, repo əməliyyatları vasitəsilə sirkət və fiziki şəxslər yeni maliyyələşmə imkanı qazanırlar".