“Yeni Müsavat” qəzetinin yaranmasından 28 il ötür


Sosial 10 Noy 2017 14:19:07 281 0

“Yeni Müsavat” qəzetinin yaranmasından 28 il ötür

Rauf Arifoğlu: "Yıxılmamaq üçün hər zaman hərəkət etmək lazımdır"

“Yeni Müsavat” qəzeti yaranmasının 28 illiyini qeyd edir.

“Report”un xəbərinə görə, mətbu orqanın ilk sayının çap edilməsindən 28 il ötür.

Qəzet 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb. Hazırda müstəqil fəaliyyət göstərən qəzetin qurucusu və baş redaktoru Rauf Arifoğludur.

O, “Report”a açıqlamasında qəzetlə bağlı fikirlərini bölüşüb, gələcək planlarından danışıb: “Bizim üçün əlamətdar gündür. Böyük tarixdir, “Yeni Müsavat” qəzetinin 28 yaşı tamam olur. Qəzetin keçdiyi tarixi yola nəzər salanda, görürük ki, bu qədər müddətdə mövcud olub fəaliyyət göstərmək qəhrəmanlıqdır. İndiyə qədər qəzetdə 1000-ə yaxın qəzetçi, texniki işçi çalışıb, əziyyət çəkiblər. Qəzetçilik birtəkərli velosiped sürmək kimi bir şeydir, dayandınsa, aşacaq. Yıxılmamaq üçün hər zaman hərəkət etmək lazımdır. Biz də daim hərəkətdəyik. Ən böyük uğurları çap versiyada qazanmışıq. Bilirsiniz ki, “Yeni Müsavat” sovet dövründə gizli çap olunurdu, çətinliklər vardı. Sonrakı müddətdə fəaliyyət imkanlarımız genişləndi, qəzet daha da gücləndi, bir sıra uğurlar əldə etdik. Onlayn media yarananda ayaqda durmağa çalışdıq. Hesab edirəm ki, buna nail olduq. Qəzetin onlayn versiyası olan musavat.com saytının kifayət qədər oxucusu var. Belə olan halda düşünürük ki, doğru yoldayıq. Fəaliyyət şərtləri o qədər də asan deyil. Davam edirik, növbəti 28 ildə də qəzeti yaşatmağı düşünürük. İşimizi də buna uyğun qururuq”.

R.Arifoğlu deyib ki, iqtisadi böhran, manatın devalvasiyası olmasaydı, qəzetlə bağlı böyük planlar haqqında danışmaq olardı: "İndi əsas planımız odur ki, qəzetin kollektivində ixtisarlar olmasın, ən azı bu cür davam etsin. Arzu edirik ki, manat növbəti müddətdə dəyərdən düşməsin. Proseslərin gedişində aydın olacaq ki, nələri bacarırıq, nə yeniliklər edə bilərik... İnternet televiziyanın yaradılması ilə bağlı planlarımız var, bu da müəyyən maliyyə yatırımları tələb edir”.