"AMAY Abdulla" barəsində yenidən cinayət işi başlanılıb


Sosial 10 Noy 2017 12:57:56 245 0

"AMAY Abdulla" barəsində yenidən cinayət işi başlanılıb

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abdulla Abdullayevin 7 milyon manat dəyərində cinayət işi araşdırılır

"AMAY" Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev barəsində yenidən cinayət işi başlanılıb.

Bu barədə "Report"a vəkil Kamandar Nəsibov məlumat verib.

O bildirib ki, A.Abdullayev zərərçəkmiş Elçin Kərimova qarşı dələduzluq edib: "Abdulla Abdullayev 2012-ci ildə müvəkkilim Elçin Kərimova dəyəri 256 min dollar olan 3 qeyri-yaşayış obyekti satıb. Lakin həmin obyektlərin daha əvvəl 4 nəfərə də satıldığı məlum olub". 

Onun sözlərinə görə, dələduzluq əməli ilə bağlı bir müddət əvvəl Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb, daha sonra araşdırılması üçün Xətai Rayon Polis İdarəsinin İstintaq söbəsinə göndərilib: "İstinaq şöbəsində isə Abdulla Abdullayev axtarışa verildi. Çünkü o, istintaqdan gizlənirdi. Noyabrın 7-də Abdulla Abdullayevi saxlanılaraq, polis idarəsinə gətirilib. Ötən gecə isə onu azadlığa buraxıblar".

K.Nəsibov qeyd edib ki, A.Abdullayevin barəsində həbs qətimkan tədbiri və ya həbsiz qətinkan tədbiri seçilməyib: "İdarədən bizə bildirdilər ki, Abdulla Avdullayevin cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilir. Onun cinayət işi həmin idarədə araşdırılacaq. Bizə bildirildi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abdulla Abdullayevin 7 milyon manat dəyərində cinayət işi araşdırılır. Bizim işi də həmin işə birləşdirəcəklər ".

Vəkil söyləyib ki, A.Abdullayev saxlanılan zaman müvəkkili ilə aralarında üzləşmə aparılıb: "Həmin zaman Abdulla Abdullayev qismən əməlini etiraf etdi. O, gah dedi ki, bir obyektin satılması yadındadı, gah da dedi ki, o birsi obyekt yadında deyil".

Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.

O, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.