Dövlət Komitəsi: "Azərbaycanın orta məktəblərində İslam dininin tədris olunması mümkün deyil"


Sosial 10 Noy 2017 12:08:30 281 0

Dövlət Komitəsi: "Azərbaycanın orta məktəblərində İslam dininin tədris olunması mümkün deyil"

Gündüz İsmayılov "Çünki bizim ölkədə din dövlətdən ayrıdır"

"Azərbaycanın orta məktəblərində İslam dini tədris oluna bilməz. Ancaq dinlə bağlı bilikləri verən fənn tədris oluna bilər ki, bununla bağlı "Həyat bilgisi" adlanan dərslik var".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, "Həyat bilgisi" dərsliyinin içərisindəki mövzular yetərli deyil: "Hesab edirik ki, dinlə bağlı mövzuları dərinşdirmək lazımdır. Bütün dinlər, xüsusilə də İslamla bağlı şagirdlərə dini bilgilərin verilməsi artırılmalıdır. Əgər biz şagirdlərə həmin bilgiləri verməyəcəyiksə, o, mütləq kənarda bu bilgiləri alacaq. Bu bilgilər isə bizim dinimizə, marağımıza uyğun olmayacaq".

G.İsmayılov qeyd edib ki, bu nöqteyi-nəzərdən dünyada gəncləri təsir altına salmaq üçün mübarizə gedir: "Bizim bu savaşı qazanmağımız, gənclərimizin zərərli təriqətlərə qoşulmaması üçün orta məktəblərdə dinlə bağlı bilgiləri verən fənnin tədrisi vacibdir. Fənnin adının nə olmasından asılı olmayaraq, orta məktəblərdə bütün dinlərlə, xüsusilə də islamla bağlı bilgilərin verilməsi gücləndirilməlidir.

Əgər kimsə fikirləşirsə ki, Azərbaycanın orta məktəblərində İslam dini tədris olunacaq, bu, mümkün deyil. Orta məktəblərdə İslam heç vaxt tədris olunmayacaq. Çünki Azərbaycanda din dövlətdən ayrıdır, din tədris oluna bilməz. Lakin dinlə bağlı bilikləri özündə ehtiva edən fənn tədris olunmalıdır və olunur".