DMX və DİM-in yerli şöbələri Göyçayda regional maarifləndirmə tədbiri keçirib


Sosial 09 Noy 2017 22:22:47 357 0

DMX və DİM-in yerli şöbələri Göyçayda regional maarifləndirmə tədbiri keçirib

Miqrasiya sahəsində maarifləndirmə tədbirləri davam etdirilir

Dövlət Miqrasiya Xidmətinin (DMX) Ağsu Regional Miqrasiya İdarəsinin və Dövlət İmtahan Mərkəzinin (DİM) Göyçay regional bölməsinin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında ümumtəhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydaları" və "Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması" mövzularında regional hüquqi maarifləndirmə seminarı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin, Göyçay, Ağsu, Kürdəmir, Qobustan, Şamaxı, İsmayıllı, Ucar, Ağdaş və Zərdab rayon təhsil şöbələrinin rəhbərləri və əlaqələndirici nümayəndələri, məktəb direktorları, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak edib. 

Seminarda DİM-in Göyçay regional bölməsinin müdiri Məhəmməd Məmmədov çıxış edərək əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında təhsil ala bilmələri üçün göstərilən dövlət qayğısı və multikultural prinsiplər barədə danışıb, bu istiqamətdə mərkəzin qarşısında duran məsələlərlə bağlı məlumat verib. Göyçay Rayon İcra Hakimiyyətinin hüquqşunası Samir Xəlilov DMX tərəfindən Göyçayda görülmüş işlərlə bağlı iştirakçılara məlumat verib.

DMX-in Ağsu Regional Miqrasiya İdarəsinin əməkdaşları seminarda iştirak edən şəxslərin mövzularla bağlı ətraflı maarifləndirilməsi məqsədilə Xidmətin internet səhifəsində yerləşdirilmiş videoçarxdan və mövzular üzrə hazırlanılmış slayddan istifadə etməklə geniş məlumat verib, verilən sualları qanunamüvafiq qaydada cavablandırıblar.

Seminarın sonunda müraciət edən şəxslərə xidmətin əməkdaşları tərəfindən səyyar xidmət göstərilib. Bu kimi məsələlərin aşkar edilərək vaxtında həll olunması istiqamətində işlərin səmərəli görülməsi üçün təhsil şöbələrinin əməkdaşlarına sənəd siyahıları, müvafiq arayış formaları verilib.

Miqrasiya sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.