Heydər Əliyev Fondu Ağdam rayonunda sakinlərlə görüşlər keçirib


Digərləri 09 Noy 2017 17:51:00 275 0

Heydər Əliyev Fondu Ağdam rayonunda sakinlərlə görüşlər keçirib

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) nümayəndələri noyabrın 9-da Ağdam rayonunda görüşlər keçiriblər.

Son.az bildirir ki, fonddan Trend-ə verilən məlumata görə, Ağdam rayon Heydər Əliyev Mərkəzində gənclərlə keçirilən görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir ildir fəaliyyət göstərən RİİB-in həyata keçirdiyi layihələr, görülmüş işlər barədə məlumat verib. Onun sözlərinə görə, RİİB əhali ilə daha sıx ünsiyyətin yaradılması, ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. RİİB-in layihələrində gənclərin fəal rol oynadığını deyən Anar Ələkbərov Ağdam rayon gənclərini də qurumun fəaliyyətində aktiv iştiraka, bölgənin inkişafı istiqamətində ideya və təkliflər irəli sürməyə çağırıb.

Bu dəfəki görüşün 9 noyabr - Dövlət Bayrağı Gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın təbrikini görüş iştirakçılarına çatdırıb. Anar Ələkbərov üçrəngli bayrağımızın Azərbaycanın bütün bölgələrində - Ermənistanın işğalı altında olan rayonlarımızda da dalğalanacağına əminliyini bildirib.

Heydər Əliyev Fondunun mədəniyyət, təhsil, səhiyyə və sosial sahələrdəki layihələri barədə məlumat verilərək bildirilib ki, RİİB-ə daxil olan ictimai xarakterli müraciətlərin hər birinə diqqətlə yanaşılır və onların həlli istiqamətində iş aparılır.

RİİB tərəfindən gənclərin bacarıq və qabiliyyətlərinin inkişafı, təhsil imkanlarının genişləndirilməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi istiqamətində işlərin həyata keçirildiyi bildirilib.

Anar Ələkbərov RİİB-in fəaliyyəti dövründə yüksək nəticələr əldə olunduğunu və gələcəkdə bölgələrdə həyata keçirilən layihələrin genişləndirilməsinin nəzərdə tutulduğunu deyib. "Biz sizi RİİB-in fəaliyyətini yaxından izləməyə və layihələrdə daha fəal iştiraka çağırırıq. Layihələrimizi siz gənclərə arxalanaraq həyata keçiririk", - deyə Anar Ələkbərov bildirib.

O, gəncləri RİİB-in rəsmi saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri, ictimai birliyin "Qaynar xətti" vasitəsilə təklif və müraciətlərini çatdırmağa, təşkilatın elekton platformalarında fəal olmağa çağırıb.

Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələr, proqramlar, həmçinin dövlət proqramlarının icrası üzrə uğurlu nəticələr əldə edilib. O, bu siyasətə dəstək olaraq Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, Fond daim uğurlu layihələr həyata keçirir və RİİB-in də onların sırasındadır. Millər vəkili qeyd edib ki, RİİB ilk dəfə Azərbaycanın bölgələrində könüllülük hərəkatının formalaşmasına və fəal gəncləri ətrafında toplamağa nail olub. "RİİB sizinlə birgə uğur qazana bilər", - deyə Fuad Muradov bildirib.

Görüşdə Ağdam rayon gəncləri müxtəlif təklif və müraciətlərlə çıxış ediblər. Qeyd olunub ki, RİİB-in Ağdam rayonunda həyata keçirdiyi layihələrdə iştirak edən 20 nəfər işlə təmin olunub. Görüşdə, həmçinin Ağdam rayon orta ümumtəhsil məktəbləri məzunlarının yüksək nəticə əldə etdikləri, bu il 519 nəfərin ali məktəblərə qəbul olunduğu bildirilib. Həmin gənclərdən bəzilərinin ödənişli əsaslarla təhsil aldıqları qeyd edilib və onların təhsil haqqının ödənilməsinə, eləcə də müalicəyə ehtiyacı olan bəzi sakinlərə dəstək göstərilməsi təklif olunub.

Daha sonra Qarabağ müharibəsi veteranları və əlilləri ilə görüş keçirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə, şəhid ailələrinə qayğının daim Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın diqqət mərkəzində olduğu qeyd edilib. Anar Ələkbərov veteranların gənclərin milli, vətənpərvər ruhda yetişməsi istiqamətində layihələrə dəstək verməsinin vacib olduğunu bildirib.