Beynəlxalq Muğam Mərkəzində qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirilib


Kriminal 09 Noy 2017 17:37:00 531 0

Beynəlxalq Muğam Mərkəzində qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirilib

Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində əməkdar artist, tanınmış qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin və "Mədəniyyət" kanalının birgə layihəsi çərçivəsində keçirilən tədbir Zakir Mirzəyevin ifasında müəllifi olduğu "Muğam və rəqs" əsərinin səslənməsi ilə başlanıb. 

Gecədə sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, qarmon ifaçılığı sənəti musiqimizin zəngin çalarlarını özündə əks etdirir. Bu aləti xalqa sevdirən sənətkarlardan biri də Zakir Mirzəyevdir.

Xalq artisti, bəstəkar Tofiq Bakıxanov, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov, akademik Vasim Məmmədəliyev və başqa çıxış edənlər sənətkarı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar. 

Vurğulandı ki, Zakir Mirzəyev qarmonu simfonik orkestrlə uzlaşdıran ilk ifaçıdır. O, Vyanada Üzeyir bəyin heykəlinin açılışı zamanı Motsartın əsərini qarmonda səsləndirərək Avropa dinləyicilərinə bu alətin Azərbaycan musiqi ifaçılığında mühüm yer tutduğunu sübut etməklə yanaşı, həm də yüksək peşəkarlıq nümayiş etdirmişdir. 

Xalq artistləri Aftandil İsrafilov, Ənvər Sadıqov, Gülyaz Məmmədova, Əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov, qarmon ifaçıları Aydın Əliyev, Teyyub Teyyuboğlu, klarnet ifaçısı Qulammirzə Mirzəyev öz musiqi töhfələri ilə Zakir Mirzəyevi təbrik ediblər.


Xəbərə aid fotolar